“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi keçirilib - FOTOLAR

16 Dekabr 2023 22:53 (UTC+04:00)

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi keçirilib. SİA xəbət verir ki, sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi “Qaçqınlar” silsiləsi nümayiş olunub.

Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.

“Hər bir millətin mövcudluğu onun milli yaddaşı qədərdir .Azərbaycan xalqı yaratdığı mədəniyyətdən bütövdür “ deyə Azərbaycan Milli Məclisinin deputatı Hikmət Baba oğlu Məmmədov qeyd edib.

“Vaxtı ilə Qərbi Azərbaycanda yaşayıb - yaratmış rəssamlarımızın əsərləri nümayiş etdirildi. Bu gün Azərbaycanın mədəni ,tarixi və dil coğrafyası inzibati tarixi coğrafyasından qat-qat böyükdür. Azərbaycan xalqı Bakıda, Şəkidə , Şirvanda ,Dərbənddə,Urmiyada nəyi yaradıbsa , Yerəvanda da onu yaradıb.
Belə tədbirlər nə qədər çox olarsa bizim milli , mənəvi , mədəni yaddaşımızda canlı olar və milli hədəflərimizə bir o qədər tez çatarıq.”

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Şirin Məlikova tədbir haqqında öz təəssüratlarını bölüşüb.
“Bu gün Azərbaycan Milli Muzeyində çox mühüm tədbir baş tutdu . “ Qərbi Azərbaycan bizim mədəni yaddaşımızda “ adlı sərgi açıldı . Bu sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə həmçinin Qərbi Azərbaycan icmasının dəstəyi ilə keçirilir. “

Şirin Məlikovanın dediyinə görə sərgidə 100-ə yaxın eksponat sərgilənib.
“Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “ Qızılı Xalçalar ” Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilib “

Hüquq üzrə fəlsəfə doktoru ,Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Səadət Yusifova çıxışı zamanı bildirib.
“ Qərbi Azərbaycan sənətinə həsr olunmuş tədbirdə salamlamaqdan məmnunluq duyuruq. Qərbi Azərbaycan tarixi abidələri ilə zəngin olmuşdu ,lakin onların əksəriyyəti dağıdılmış , vandalizmə məruz qalmışdır . Prezident İlham Əliyevin dediyi “bir gün Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar" fikri reallaşacaq. “

Sərgi 28 fevral 2024-cü il tarixinədək davam edəcək.

Sevilin Abbasova