"2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. Vəhdət Partiyası da 20 dekabr tarixinə Baş Məclisini təyin edib. Baş Məclisdə Siyasi Şuranın tövsiyəsinə əsasən, İlham Əliyevin dəstəklənməsi barədə qərar verəcəyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O bildirib ki, bu seçkilər ilk dəfə olaraq Azərbaycanın azad olunmuş ərazilərində keçirilir: "Bu seçkilərdə həmin ərazilərdən hərbçilər də daxil olmaqla 20 mindən artıq seçici iştirak edəcək. Dövlət suverenliyimiz təmin olunduqdan sonra keçirilən bu seçki böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, cənab İlham Əliyev qalib gələcək və xalqın etimadını möhkəmləndirərək dövlət quruculuğunda yeni nailiyyətlərə imza atacaq". "Şübhəsiz ki, ciddi islahatlar həyata keçiriləcək. Azərbaycan yeni bir etapa daxil olacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası ilə yanaşı, logistika imkanlarımızı möhkəmləndirərək beynəlxalq aləmdə nüfuzumuzu artıracaq və iqtisadiyyatın daha da inkişafına nail olacağıq. İnanıram ki, növbədənkənar prezident seçkiləri yeni bir eranın başlanğıcı olacaq. Bu sahədə hörmətli namizədimiz İlham Əliyevə uğurlar arzulayıram",- deyə o əlavə edib.
Ləman Sərraf