Xalq artisti 74 yaşında xərçəngə qalib gəldi

15 Dekabr 2023 05:48 (UTC+04:00)

Rusiyanın 74 yaşlı xalq artisti Boris Şerbakov xərçəng xəstəliyinə qalib gəlib. SİA xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu ilin fevralında həkimlər aktyorun böyrəyində bədxassəli şiş aşkar ediblər, bundan sonra Şerbakov ağır cərrahiyyə əməliyyatı keçirib, bu zaman şiş və zədələnmiş orqan çıxarılıb. Altı ay ərzində kino ulduzu reabilitasiya ilə məşğul olub. Bu da öz bəhrəsini verib, həkimlər sənətçinin səhhətinin yaxşılaşdığını açıqlayıb. Aktyorun ürək-damar xəstəliyi səbəbindən ürəyində problemlər yaşadığı, lakin ümumilikdə vəziyyətinin normal olduğu qeyd edilir.

Qeyd edək ki, Şerbakovun həyat yoldaşı Tatyana Bronzova da xərçənglə mübarizə aparıb, müalicədən sonra remissiyaya keçib.

Boris Şerbakov “Bazar günü atası”, “Cinayətkar kvartet”, “Pərəstişkar” və “Mən həbsxanaya getmək istəyirəm” kimi filmləri ilə tanınır. Çexov adına Moskva İncəsənət Teatrının və Moskva Yeni Dram Teatrının tamaşalarında da iştirak edib. Artist indi də yaradıcılığını davam etdirir.