“Dəyişikliklər nazirliyin işinin yaxşılaşdırılmasına xidmət edir” - EKSPERT FİKRİ

14 Dekabr 2023 15:01 (UTC+04:00)

“Elm və Təhsil nazirliyi Azərbaycanda təhsil və elm siyasətini həyata keçirən qurumdur. Etiraf etmək lazımdır ki, qurumun son 10 ildəki fəaliyyəti cəmiyyətdə kifayət qədər müsbət qarşılanır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, xüsusilə idarəetmədə əlçatanlıq məsələləri müsbət tendensiyadır: “Hazırda Elm və Təhsil nazirliyinin sistemində hər hansı bir neqativ, rüşvət kimi qanunsuz tələblər olmadığından çalışanların növbəti pillələrə irəliləməsi daha düzgün şəkildə baş verir. Ümumilikdə nazirliyin strukturunda dünyada gedən proseslərin fonunda dəyişikliklərin olması normal prosesdir.

Təhsil demək olar ki, hər gün yenilənir və burada elə məsələlər var ki, daha çevik dəyişikliklər etməyə ehtiyac olur. Nazirlik strukturunda da mütəmadi olaraq agentliklər, müxtəlif qurumlar yaradılır.

Qarşıya qoyulmuş müəyyən planlarda gecikmələrin olmasının əsas səbəbi isə tez-tez baş verən struktur dəyişiklikləridir. Təkcə son üç il ərzində 3-4 dəfə dəyişiklik olub. Lakin istənilən halda yeniliklər daha çevik iş şəraitinin yaradılmasına öz müsbət təsirini göstərir. Birmənalı şəkildə dəyişikliklər nazirliyin işinin yaxşılaşdırılmasına xidmət edir”.