"Süni qidalar insanların genetikasını zədələyir" - EKSPERT İZAH ETDİ

14 Dekabr 2023 10:47 (UTC+04:00)

"Müasir dünyada süni qidaların artımı müşahidə edilir. Əvvəl 2-3 qidanın süni versiyasına rast gəlirdiksə, indi elə bir qida növü yoxdur ki, sünisi hazırlanmasın". Bu sözləri SİA-ya tibbi ekspert Rasif Bağırov deyib.

Onun sözlərinə görə, bostan bitkiləri və meyvələr istisna olmaqla əksər qidaların sünisinə rast gəlirik: "Ət, yağ, düyü, süd və s. belə qidaların demək olar ki, əksəriyyətini süni formada hazırlaya bilirlər. Süni qidaların meydana gəlmasinin səbəblərindən biri də odur ki, Hindistan və Çin kimi böyük dövlətlər ərzaq məhsullarını çatdıra bilmir. Süni şəkildə qidalar yaradıb xalqa verirlər. Digər tərəfdən də qazanc əldə etmək istəyən işbazlar təbii qidaların sünisini yaradırlar. Süni qidaların istifadəsi və yaradılması xeyirli məqsəd üçün deyil".

Ekspert süni hazırlanan uşaq yeməklərindən də danışıb: "Bəzi uşaq yeməkləri var ki, sünidir. Təbii ki, ana südü olmayanda məcburiyyətdən uşaqlara həmin yeməkləri verirlər. İnsanlar buna məcbur olur. Təbii ana südü olmasa da, uşağın müəyyən inkişafı üçün lazımdır. Yəni, insanın həyatda qalmasına kömək edir. Ana südü elədir ki, onun vasitəsilə immun sistemi yaxşılaşır, lazım olan mineral və vitaminlər qəbul edilir. İlk 3 ay müddətində uşağı qoruyan ana südüdür. Lakin süni qidalar immun sisteminə təsir etmir. Süni qidalar ana südü qədər təsir göstərmir".

Rasif Bağırovun fikrincə, elə qidalar var ki, heç onu istehsal etmək olmur: "İnsan orqanizminə təbii qidalar süni qidalara nisbətən daha yaxşı təsir edir. Əldə etdiyimiz məlumatlara görə, son dövrlər Avropa ölkələrində süni qidaların istehsalı artırılıb. Bunun ciddi formada qarşısını almağa çalışırlar. Hətta insanlar özü də araşdırırlar və qarşılarına süni qidalar çıxdıqda müəyyən qurumlara müraciət edirlər. Nəticədə süni qidaların məişətə daxil olmasının ciddi şəkildə qarşısını almağa çaılışırlar".

R.Bağırov vurğulayıb ki, süni qidalar insanların genetikasını zədələyir: "Müxtəlif gen xəstəliklərinin yaranmasına şərait yaradır. Bundan əlavə insan orqanziminin inkişafında müəyyən problemlər yaradır. İnsanların tez-tez ağır xəstəliklərə düçar olmasına səbəb də süni qidalardır. Təbii qidalara önəm vermək lazımdır. Orqanizm üçün faydalı olan qidalar təbii qidalardır. Çünki orqanizmimiz həmişə müəyyən molekulyar səviyyədə olan qidaları qəbul edir. İri molekullu məhsulları orqanizm qəbul etməkdə çətinlik çəkir. Süni qidalar zərərlidir. Heç lazım olan kalorini belə verə bilmir".

Ləman Sərraf