Bu gün Milli Konservatoriyada Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Milli Konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyevanın “Azərbaycan operalarında qadın obrazlarının bədii həlli” adlı kitabının təqdimatı baş tutub. SİA xəbər verir ki, kitabın təqdimat mərasimində tanınmış simalar və Milli Konservatoriyanın müəllim və tələbə heyəti iştirak edib.
Təqdimat mərasimi Gülüstan Əliyevanın çıxışı ilə başlayıb, kitabın dərs vəsaiti kimi qəbul olunduğunu bildirərək, kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
Çıxış edən xalq artisti, professor Siyavuş Kərimi əvvəllər Gülüstan Əliyevanı səhnədə gördüklərini, Azərbaycan muğamının təbliğatçısı kimi tanıdıqlarını bildirib: “İndi isə Gülüstan Əliyevanın yaradıcılıqla yanaşı elmə də müraciət etməsi çox gözəl haldır. Dissertasiyanın dərs vəsaiti kimi qəbul edilməsi isə mühüm hadisədir.
Düşünürəm ki, bu proses davamlı olacaq, bir kitabla kifayətlənilməyəcək. Biz nə vaxtsa olmayacağıq, amma kitablarımız hər zaman yaşayacaq”.
Daha sonra isə professor Lalə Hüseynovaya söz verilib: “İstənilən dərs vəsaitinin ərsəyə gəlməsi bizim üçün çox vacibdir. Çünki bu cür kitablar hazırlamaq uzun müddət tələb edir və gec-gec hazırlanır. Gülüstan Əliyeva kitabda özünün də iştirak etdiyi və digər əsərlərdəki qadın obrazları ilə bağlı təhlillərə geniş yer verib. Xüsusilə kitabın girişində gender məsələlərinə toxunulub. Hansı ki, bu günümüzün ən böyük problemlərindən biridir. Kitab dərs vəsaiti olaraq gənclərin bilik və bacarıqlarının artırılmasına öz mühüm töhfəsini verəcək”.
Daha sonra isə çıxış edən professor Akif Quliyev və professor Mənsum İbrahimov da kitabın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Kitabın təqdimat mərasimində Milli Konservatoriyanın tələbələri tərəfindən müxtəlif musuqi nümunələri səsləndirilib.