“Uşaqlara birinci peyvənd doğumdan sonra 5-ci gün doğum evindəcə virus hepatitlərinə qarşı vurulur. 5-7-ci gün vərəmə və poliomielitə qarşı peyvənd edilir. Poliomielitə qarşı peyvəndləmə 2-4-cü aylarda təkrarlanmaqla üç dəfə tətbiq edilir. Uşağın iki aylığında göy öskürək, difteriya və tetanusa qarşı iynə vurulur. Peyvəndləmənin əsas hissəsi bitmiş sayılır. Qızılcaya qarşı birinci peyvənd bir yaşda vurulmalıdır. Bir il altı ay sonra revaksinasiya həyata keçirilir. Uşağın 6 yaşında qızılcanın ikinci iynəsi və təkrar difteriya peyvəndi vurulur". Bu sözləri SİA-ya həkim-pediatr Rita Həsənova deyib.
Həkimin sözlərinə görə, peyvəndləmədən əvvəl yoxlanış mütləqdir: "Nervopatoloq, cərrah və pediatr uşağı müəyyən edir. Hər peyvənddən əvvəl mütləq yoxlanış olmalıdır. Qan analizi verilir, uşağın çəkisi ölçülür. Nevroloji xəstəliyi, epilepsiyası, allergiyası, doğuş travmaları, qan xəstəlikləri olan uşaqlara peyvəndləmə olmaz. Belə uşaqlar ancaq poliomielitə qarşı peyvənd edilə bilər, digərləri əks göstərişdir. Peyvənd vurularkən uşaq tam sağlam olmalıdır, temperaturu olmamalı, öskürməməlidir.
Peyvəndlənən uşaqlar viruslara qarşı immunitet qazanır, xəstəliyə yoluxsalar da yüngül keçirirlər. Peyvəndləmədən sonra ölüm hallarının baş verməsi ilə bağlı iddialar elə də inandırıcı deyil, çünki həkimlər heç bir uşağı müayinə etməmiş peyvənd etdirmirlər. Uşaqda irsi-genetik xəstəliklər ola bilər, bu səbəblə vəfat edə bilər, bunu peyvəndin ziyanı kimi qələmə verirlər. Peyvənddən ölüm hadisələri çox nadir baş verə bilər".
R.Həsənova bildirib ki, dövlət xəstəxanalarında peyvəndləmə pulsuzdur, özəl klinikalarda isə ödənişlidir: "Peyvəndlər də istehsal olunduğu ölkəyə görə fərqlənir, amma təsir mexanizmi eynidir. Bütün peyvəndlər orqanizmə eyni cür təsir edir və immunitet qazandırır. Azərbaycanda peyvəndləmə məcburi deyil. Valideynlərin ərizə yazıb bəzi peyvəndlərdən imtina etmək hüququ var. Qızılca peyvəndi də məcburi deyil, valideyn uşağını qızılcaya qarşı peyvənd etdirməyə bilər. Vərəm peyvəndi isə məcburidir. Kütləvi şəkildə bütün yeni doğulmuşlara vurulur. Lakin bilmək lazımdır ki, lazımi yaş həddində vurulmayan peyvənd sonradan tətbiq edildikdə artıq effektiv olmur. 4 yaşa qədər peyvənd edilməyibsə, bundan sonra vurdurmağın əhəmiyyəti qalmır. Çünki peyvəndlər müəyyən fasilələrlə vurulmalıdır. Qızılca peyvəndi isə 1 yaşında vurulmayıbsa, 10 yaşa qədər vurdurula bilər”.
Ləman Sərraf