"Bunların heç biri insan sağlamlığından önəmli deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

13 Dekabr 2023 12:00 (UTC+04:00)

"Təəssüflər olsun ki, uşaqlar arasında qızılcaya yoluxma hallarının sayı artmaqda davam edir. Bu, məktəblərdə böyük problem kimi qəbul edilməlidir. Məktəbdən əvvəl də məktəbəqədər təhsil müəssisələrində xüsusi nəzarət olmalıdır. Çünki əsas təhlükə mənbəyi 0-10 yaş arası uşaqlardır". Bu sözləri SİA-ya açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, son zamanlar qızılcadan müəyyən sayda dünyasını dəyişən uşaqlar da var: "Təbii ki, tibbi istiqamətdə müvafiq qurumlar tədbirlər görür və xəbərdarlıq şüarları səsləndirir. Amma məsələnin tədris və sosial tərəfi də var.

Xatırlayırsınızsa, koronavirus pandemiyası başladığı zaman məktəblərin bağlanması ilə bağlı ilk qərar verən ölkələrdən biri Azərbaycan oldu. Bu, ÜST tərəfindən də alqışlandı. İnanıram ki, qızılca pandemiya səviyyəsinə çatmayacaq və o da koronavirus kimi unudulub gedəcək. Buna qəti şübhəniz olmasın".

Elmin Nuri sözlərinə belə davam edib: "Amma pandemiya səngidiyi ərəfələrdə belə çox yaxşı addım atılırdı. Belə ki, məktəblərdə koronaviruslu uşaq olduqda həmin sinif iki həftəlik karantin rejiminə alınırdı. Həmçinin, məktəbdə bu say çoxaldıqda məktəbin özü karantinə alınırdı. Bu, çox müsbət tendensiya idi. İndi də bunu etmək lazımdır. Düşünürəm ki, hansı sinifdə 1 uşaq belə qızılcaya yoluxsa, həmin sinif distant təhsilə keçməlidir. Düzdür, nəzəri və şifahi baxımdan bunu demək asandır. Amma tədris, təşkil, proqramın çatdırılması, valideyn, müəllim və şagird üçbucağı məsələsi var. İnternet və digər texniki imkalar məsələsi də var. Amma bunların heç biri insan sağlamlığından önəmli deyil.

Ötən brifinqdə elm və təhsil naziri də bu barədə danışdı. Media və sosial şəbəkələr də insanları panikaya salır. Çox şiddətli statuslar yazılır. Bunlar da psixoloji zərbədir. Qızılca pik həddə deyil. Amma bircə uşaq belə qızılcaya yoluxursa, onun bütün sinifi yoluxdurmaq potensialı var. Ona görə də həmin sinifin distant təhsilə çıxmasının qarşısını almamalıyıq. Bizim distant təhsil təcrübəmiz koronavirus vaxtından var. Bir yaranın qarşısı tam dirilməmiş aldıqda, o daha yaxşı effekt verir və işlər daha asan həll olur".

Ayşən Vəli