“Ölkəmizdə sosial işin təşkilinin tarixi qədimlərə gedib çıxır. Lakin əsasən XIX əsrin sonu, XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi ziyalıların yaratmış olduğu xeyriyyə cəmiyyətləri formasında özünü göstərməyə başladı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə bu iş dövlətin nəzarətinə keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, sosial iş dedikdə burada Həmkarlar İttifaqları, uşaq klubları, ictimai birliklər də nəzərdə tutulur: “Bunların hər biri bu və ya digər formada cəmiyyətin sağlam şəkildə formalaşması, birgəyaşarlıq, biri-biri ilə yardımlaşmaq baxımından sosial işin tərkib hissəsi idi. XX əsrin sonlarına doğru, Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra sosial işin fəlsəfəsi də genişləndi və bir çox rəsmi təsisatlar yarandı.
Hazırda ölkəmizdə sosial iş könüllük prinsipi və rəsmi dövlət xidməti olaraq iki yerə bölünür. Könüllü fəaliyyət ictimai birliklər, QHT-lər, Həmkarlar İttifaqının həyata keçirdiyi fəaliyyətdir. Rəsmi olaraq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tərkibində olan bir çox qurumların gördüyü işlərdir. Nazirlik və Sosial Xidmətlər Agentliyinin gördüyü işlərin hər biri təqdir olunmur, çünki böyük problemlər var. Xüsusilə də agentliyin işində qüsurlar yaranıb.
Son zamanlar QHT-lər, tanınmış şəxslər, blogerlər də sosial işin həyata keçirilməsində mühüm rola oynayırlar. Azərbaycanda telekanallarda nümayiş olunan sosial prorqamlar belə sosial işin təşkilinə yönəlib. Hazırda görülən işlərlə birgə sosial işin təşkilində böyük problemlər var. Xüsusilə ictimai və sosial işlərlə məşğul olan QHT-lərin Sosial Xidmətlər Agentliyinin işindən çox böyük narazılığı var. Orada keçirilən tenderlərin eyni adamlara və QHT-lərə verilməsi ilə bağlı ciddi narazılıqlar mövcuddur və məsələsi ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edilib”.