Kiyevdə xəsarət alanların sayı 53-ə çatıb - FOTOLAR

13 Dekabr 2023 11:09 (UTC+04:00)

Dekabrın 13-nə keçən gecə paytaxt Kiyevə edilən ballistik raketlərlə hücum nəticəsində xəsarət alan mülki şəxslərin sayı 53 nəfərə çatıb, onlardan 7-si uşaqdır. SİA xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat verib.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya dekabrın 13-də Ukraynaya pilotsuz hücum təyyarələri və raketlərlə hücum edib. Hava hücumundan müdafiə qüvvələri 20 hədəfin hamısını vurub.

Rusiya Krımın Balaklava bölgəsindən Ukrayna boyu 10 kamikadze dronu atıb. Onların da hamısı məhv edilib. Bütün dronlar Odessa vilayətində Cənub hava komandanlığının cavabdehlik zonasında vurulub.

Həmçinin dekabrın 13-ü yerli vaxtla 03:00-da Rusiya Kiyevə 10 raket atıb. “Ballistik trayektoriya ilə Kiyev şəhərinə doğru uçan on hədəfin hamısı Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən vurulub”, - məlumatda belə deyilir.