“Qaraciyər orqanizmin ən böyük vəzidir, çəkisi 1500 qram civarındadır və sağ-sol olmaqla iki paydan ibarətdir. Qaraciyər bu günə kimi məlum olan 500-ə qədər vəzifəni yerinə yetirir. Bir sutka ərzində qaraciyər təxminən 1 kq öd hazırlayır”. Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti, respublikanın Əməkdar həkimi Taryel Eyvazov deyib.
Onun sözlərinə görə, qaraciyərin ən əsas vəzifəsi isə orqanizmi təmizləməkdir. Bu təmizlənmənin həyata keçirilməsi üçün səhər saatlarında acqarına ilıq su içmək tövsiyyə olunur. Az miqdarda sarımsaq yeməklə də bu fəaliyyət güclənir, çünki sarımsağın tərkibində olan kükürd qaraciyər elementlərinin fəaliyyətini artırır. Həmçinin bu sahədə sarıkökün də xeyirli olduğu bildirilir. Belə ki, sarıkök toksinlərin təmizlənməsinə kömək etməklə yanaşı, qaraciyər hüceyrələrini də bərpa edir. Qaraciyərdəki iltihablar üçün isə ən yaxşı qida alma hesab olunur.
Həddindən artıq çox funksiyası olan qaraciyərin xəstəlikləri də olduqca çoxdur. Lakin ən qorxulu xəstəlik virus hebatitləridir. Artıq ÜST-ün verdiyi məlumata görə, 1,5 milyard insan bu xəstəlikdən əziyyət çəkir. Qaraciyər piylənməsi əsasən maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Həkimlə məsləhətləşmədən həddindən artıq dərman qəbulu da maddələr mübadiləsinin pozulmasına səbəb olur”.