"Orqanizm insan nə ilə qidalanırsa ondan ibarətdir" - EKSPERT İZAH ETDİ

11 Dekabr 2023 12:03 (UTC+04:00)

"İnsan orqanizmi qəbul etdiyi qida vasitələri ilə təminatlandığı zaman inkişaf edir. Daha doğrusu orqanizm insan nə ilə qidalanırsa ondan ibarətdir. Yəni insan orqanizmi üçün qidaların zərəri yoxdur. Burada maraqlı bir cəhət var. Bir sıra məhsullar dondurulmağa məruz qoyulmalıdır və bu məcburiyyətdir".Bunu SİA-ya açıqlamasında qida eksperti Elsevər Fərzəliyev deyib.

Ekspertin sözlərinə görə, qidaların tərkibində olan komponentlərin stabil, dəyişilməz, korlanmadan saxlanmasını soyuducu mühitdə həyata keçirmək mümkün olur: "Bunun iki şərti var. Birincisi həm hazır, həm də qida xammallarının yaxud yarımfabrikatların soyuq mühitdə saxlanması mikroorqanizmlərlə siraətlənmənin qarşısını alır. Çünki soyuq mühit olduqda mikroorqanizmlər inkişaf etmir. Belə ki, mikroorqanizmlərin yaşayıb, böyüyüb, çoxalıb inkişaf etməsi qida məhsulunu yaxud xammalını korlaması üçün 4 vacib şərt var. Birincisi istilikdir. Soyuducuda bu olmadığından mikroorqanizmlər inkişaf etmir. İkincisi qida mühitidir. Üçüncüsü nəmlikdir, rütubətdir. Dördüncüsü də zaman anlayışıdır. Üç vacib şərt olduğu zaman dördüncü şərt 10 dəqiqədə tamamlanır. Yəni 10 dəqiqəyə mikroorqanizm ikiyə bölünərək çoxalır. Bu çoxalma o qədər davam edir ki, mikroorqanizm qida məhsulunu korlayıb onun qida kimi istifadə olunmasını aradan qaldırır".

E.Fərzəliyev bildirib ki, qida məhsullarının mikrobioloji korlanmasının qarşısını almaq üçün soyudulma ilə paralel istilik emalı olmalıdır: "Bu mövcud mikroorqanizmlərin məhv olmasına gətirib çıxarır və məhsul tərkib keyfiyyətini saxlayaraq uzun müddət qalma qabiliyyəti qazanır. Bu vacib şərtlər çərçivəsində qida məhsullarının soyudulması məcburiyyətindəyik. Soyuq mühitdə saxlanılmanın məhsulun tərkibində baş verən biokimyəvi proseslərə təsiri vacib sayılır. Yəni soyuq mühitdə məhsulun tərkibində biokimyəvi, fermentativ proseslər baş vermir və nəticədə məhsul uzun müddət korlanmadan qalmaq qabiliyyətini qazanır. Məhsullar yaxud qida xammalları yalnız bir dəfə dondurulmaq üçün yararlıdır. Müvafiq standartlarla qida məhsulları yaxud xammallarının ikinci dəfə dondurulmasına məruz qoymaq qadağandır. Bu yolverilməz sayılır. Belə halla qarşılaşmış qida məhsulları qidalanmaq üçün yararsız olur. Məhsulların yalnız bir dəfə dondurulmasını tətbiq etmək mümkündür ki, o məhsul qidalanmaq üçün yararlı hesab olunsun".