“Ekoloji biliyə malik olan insanlara ehtiyac var” - DEPUTAT DANIŞDI

11 Dekabr 2023 09:50 (UTC+04:00)

“Müasir dövrdə ekoloji siyasəti həyata keçirmək üçün yüksək ekoloji düşüncəyə, ekoloji mədəniyyətə və ekoloji biliyə malik olan insanlara ehtiyac var. Belə insanların yetişdirilməsinə orta məktəbdən başlamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, orta məktəb dərsliklərində özündə ekoloji təhsili ehtiva edən – təbiətə qarşı sevgi və məsuliyyət formalaşdıran başlıqlar öz əksini tapmalıdır:
“Hazırda respublikamızda pedaqoji kadr hazırlığı həyata keçirən ali məktəblərin üzərinə böyük yük düşür. Ona görə də ali məktəbdə təhsil alan tələbələrdə ekoloji məsuliyyət özünənəzarət, özünün hərəkətlərinin ətraf mühitə təsirinin yaxın və uzaq nəticələrini görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq vərdişlərini formalaşdırmalıyıq. Belə ki, ekoloji təhsilin nəzəri əsaslarına ali məktəblərdə yiyələnmək mümkündür. Bu təbiətin mühafizəsində, insan ekologiyasında, sosial ekologiyada, mühəndislik ekologiyasında, aqroekologiyada və s. digər mənbələrdə öz əksini tapır”.