Xalqın seçimi birdir və hamı öz Ali Baş Komandanına səs verəcək – TƏHLİL

9 Dekabr 2023 13:13 (UTC+04:00)

“Azərbaycan demokratik, sivil, dünyəvi bir dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dövlətimiz nəinki dünyanın iqtisadi cəhətdən ən inkişaf edən ölkələrindən birinə çevrilib, həm də demokratik təsisatlar, söz, mətbuat azadlığının təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində önəmli uğurlara nail olub, dünyada söz sahibinə çevrilib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, Azərbaycan son 20 ildə çox sürətli şəkildə inkişaf edib.

“Ölkə iqtisadiyyatı dörd dəfədən çox, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, valyuta ehtiyatlarımız 37 dəfə artıb. Ölkədə çox mühüm iqtisadi, sosial layihələr, dövlət proqramları həyat keçirilib. 3250-dən çox məktəb, 750-dən çox xəstəxana, çoxsaylı mədəniyyət ocaqları, idman, olimpiya mərkəzləri, emal müəssisələri tikilib, istifadəyə verilib. Əməkhaqları, pensiyalar, müavinətlər dəfələrlə artırılıb. 14 mindən artıq şəhid ailəsi, müharibə əlilləri mənzillərlə təmin edilib. 21 min kilometr yol çəkilib, əhalinin işıq, qaz, su problemləri əsaslı şəkildə həll edilib. Dörd milyondan çox vətəndaşı əhatə edən dörd islahatlar paketi həyata keçirilib. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub, torpaqlarımız azğın düşməndən təmizlənib. Cəmi 23 saatdan bir qədər artıq davam edən anti-terror tədbirləri nəticəsində Qarabaq torpaqlarından erməni faşistlərinin mövcudluğuna son qoyulub. Azərbaycan tam suverenliyini bərpa edib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür. Həmin ərazilərin bərpası üçün 7 milyard ABŞ dolları həcmində vəsait sərf olunub, yeni yollar çəkilib, beynəlxalq əhəmiyyətli təyyarə meydanları istifadəyə verilib, körpülər salınıb, tunellər qazılıb, çox mühüm strateji əhəmiyyətə malik olan işlər görülüb. Artıq Füzulinin, Laçının, Cəbrayılın sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar və həmin ərazilərdə yenidənqurma işlərinin görülməsi üçün əlavə 4 milyard vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da işlərin gələcəkdə daha da sürətlənməsindən xəbər verir.

Ən başlıcası isə, dövlətimiz bu gün beynəlxalq aləmdə öz nüfuzunu son dərəcə yüksəldib. Ölkəmiz artıq regionun ən qüdrətli dövləti olaraq bütün dünyada tanınır. Azərbaycan nəinki regional, hətta qlobal miqyasda belə söz sahibinə çevrilib. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verir. Dünyanın ən qabaqcıl ölkələri ilə əməkdaşlığımız möhkəmlənib. Ən inkişaf etmiş beynəlxalq təşkilatlara Azərbaycan rəhbərlik edir və öz siyasətini uğurla həyata keçirir.

Əlbəttə ki, sadalanan həmin o reallaşdırılan möhtəşəm layihələrin, görülən işlərin fonunda böyük nəticələr, qələbələr məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qazınılıb. Cənab İlham Əliyev qalib ölkənin qalib lideri, Prezidenti, Ali Baş Komandanıdır. 7 fevral 2024-cü il tarixində növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə rəhbərimizin imzaladığı sərəncam da təsadüfi deyildir. Bu, Azərbaycanın demokratik bir ölkə olduğunu dünyaya nümayiş etdirmək, bədxahların mənfi fikirlərini, məkrli niyyətlərini heçə endirməkdir. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübəyə əsaslanır və beynəlxalq normalara uyğundur. Bu seçkilərin keçirilməsi əlbəttə, Azərbaycan xalqının tarixində yeni bir siyasi hadisə olacaqdır. Çünki növbədənkənar Prezident seçkiləri artıq ərazi bütövlüyü təmin edilən və suverenliyi tam bərpa olunan Azərbaycanda keçiriləcəkdir. Bilavasitə bu, zəfər seçkisidir və olduqca qürurvericidir. Bu seçki, ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla, yeni bir demokratik Azərbaycanı, həm də dünya şöhrətli, sülhə və əmin-amanlığa, insan haqlarına, demokratiyaya arxalanan Prezidenti, cənab İlham Əliyevi bir daha dünyaya təqdim edəcəkdir. Sözsüz ki, bu seçkilər özünə inamdan və xalqın dəstəyinə əminlikdən qaynaqlanır. Azərbaycan Prezidenti xalqına inanır, özünə əmindir və xalqı tərəfindən verilən dəstəyi daim qiymətləndirir. Çünki 44 günlük müharibədəki qələbə, 23 saatlıq anti-terror tədbirləri göstərdi ki, xalqla Prezident və ordu birdir və bu birlik bizim qələbələrimizi təmin etdi.

Növbədənkənar seçkilərin keçirilməsi sözsüz ki, Azərbaycana yeni dividentlər qazandıracaq. Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir. Hər bir Azərbaycan vətəndaşı buna əmindir. Nəinki Azərbaycan vətəndaşları, dünyanın bir çox ölkələri, türk dünyası bu gün cənab İlham Əliyevə böyük ümidlər bəsləyir, Azərbaycanın gələcəyinə inanır və Azərbaycanın daha şöhrətli, daha şanlı olması üçün xalqların birliyi, həmrəyliyi təmin olunmaqdadır. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda güclü rəhbər, İlham Əliyev kimi qüdrətli, cəsarətli, uzaqgörən siyasi lideri davamlı olaraq görmək arzusundadır.