"Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq"

8 Dekabr 2023 21:04 (UTC+04:00)

Erməni əsirliyində olan Aqşin Bəbirov və Hüseyn Axundov barədə dünən artıq şad xəbəri aldıq. Belə ki, əldə olunan razılığa əsasən onlar əsirlikdən azad olunacaq. SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC-ın əməkdaşları da bu xəbərin sevincini bölüşmək üçün Aqşin Bəbirovun ailəsində qonaq olub.

Ermənistanda hərbi əsirlikdə olan Aqşin Bəbirovun anası Durdanə Bəbirova keçirdiyi hissləri, təəssüratını bölüşərək deyib: “Sevincimizin həddi-hüdudu yoxdur. Şükürlər olsun ki, balama qovuşmağıma az qalıb. Mən Prezidentimizə oğlumu əsirlikdən azad etdiyinə görə minnətdarlığımı bildirir, onun qarşısında baş əyirəm. Dövlətimin başçısı biz analara elə sürpriz etdi ki, ötən səkkiz ayda yaşadığımız çəkdiklərimizdən canımız ağrısa da, xəstəlik tapsaq da, hər şeyi unutduq. Bu günə şükürlər olsun”.

Dürdanə Bəbirova ilk dəfə oğlunun azad olunması şad xəbərini Hüseyn Axundovun anası Şəlalə Axundovadan alıb. O, xəbər alanda keçirdiyi hissələri sözlərlə ifadə etməkdə çətinlik çəkir. Lakin, eyni zamanda, o, bu xəbəri hər kəslə bölüşüb, sevincini hamıya çatdırmaq istədiyini bildirir: “Onu deyə bilərəm ki, biz nə yerdə, nə göydəydik, biz ayaqda canlı meyit idik. Amma dünən o şad xəbəri eşitdiyimizə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Bir ana kimi təşəkkür edirəm. Bizim hər zaman qürur duyduğumuz dövlətimizə, dövlət başçımıza inanırdıq ki, övladlarımızı Ermənistanın əsirliyində qoymayacaq, orada qalmalarına imkan verməyəcək”.

Dürdanə xanım deyir ki, şad xəbəri eşitməmişdən əvvəl səhhətində yaranan problemlərlə bağlı müalicə alırmış. Amma bu müalicədə onu sağaldan əsas vasitə oğlunun şad xəbəri olub.

O, indi artıq oğluna qovuşacağı anı səbirsizliklə gözləyir. Qayıdanda oğlunun ən sevdiyi yeməkləri bişirəcəyini deyir: “Onun ən çox sevdiyi toyuq qızarmasıdır. Mən Aqşin əsir düşəndən toyuq qızartmasına əlimi atanda belə gözümün yaşı boş qalmayıb. İndi mənim ən xoşbəxt günümdür. Düzdür, hələ balama sarılmamışam, amma onun bir şad xəbəri gəlib. Yəni bundan artıq xoşbəxt olacağıma inanmıram. Mənim ancaq xəyallarım bundan sonra oğlum üçün qapılara elçi getməkdir. Öz-özümə deyirdim, oğul, mən sənə qız gətirəcəyəm, mən sənə toy edəcəyəm. Sən məni peşman etməzsən”.