2024-cü il 7 fevral - Qalib xalq Qalib Prezidentlə Zəfər seçkilərinə doğru TƏHLİL

8 Dekabr 2023 17:02 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEVİN son 20 ildəki parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır

Prezident İlham Əliyevin dekabrın 7-də tarixi Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Qeyd edək ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirdi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur: "Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

Ölkə rəhbəri nitqinin sonunda vurğuladı: "Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik".

Bəli, artıq 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən 5 il ərzində qalib Liderimizin verdiyi sözlər əməlləri ilə həyata keçirilməkdədir. Və son illərin uğurlu nəticələrinə əsaslanaraq birmənalı şəkildə deyə bilərik ki, 2024-cü il fevralın 7-də baş tutacaq Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq növbəti 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Və üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Və beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Bütün bunları nəzərə alaraq tam əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 7 fevral seçkilərini n ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Çünki dövlət başçımızın xalqa müraciətində söylədiyi kimi....

AZƏRBAYCAN ÖZ SUVERENLİYİNİ BƏRPA ETDİ

"Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir".Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edərək deyib: "Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".

Bəli, haqq savaşımız Zəfər Qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlətin Qalib Sərkərdəsinin qalib xalq birliyi ilə...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan "iti qovan kimi qovdu". Eyni zamanda, bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük və qəhrəman xalq olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Və ….

"DƏMİR YUMRUĞ"UN GÜCÜ İLƏ DÜNYAYA QƏLƏBƏ MESAJI - "QARABAĞ AZƏRBAYCANDIR! VƏ NİDA!"

Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın "status-kvo"nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrəl bildirirdi ki, "status-kvo" artıq yoxdur: "Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orada, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq".

Bəli, "Dəmir yumruq" birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ"unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu. Dövlət başçımızın söylədiyi kimi: "Bizim qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir". Və artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı artıq bərpa olunub.

BU, QALİB LİDERİN SÖZÜNÜN VƏ ƏMƏLİNİN VƏHDƏTİNİN NÜMAYİŞİDİR

Sözü imzası qədər dəyəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Belə ki, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

"Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

QALİB LİDER "ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR" - DEYƏN ULU ÖNDƏRİN ARZUSUNU REALLAŞDIRDI

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hissləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

ƏVVƏLKİ SEÇKİLƏRDƏ OLDUĞU KİMİ, AZƏRBAYCAN XALQI YENƏ TARİXİ SEÇİMİNİ EDƏCƏK - SABİTLİYƏ, ƏMİN-AMANLIĞA, BÜTÖVLÜYƏ SƏS VERƏCƏK

Xalqımız bundan əvvəl Prezident seçkilərinin növbədənkənar keçirilməsinin şahidi olmuşdu. 2018-ci ildə Prezident seçkiləri uğurla başa çatdı. Eyni zamanda, 2020-ci ildə parlament seçkiləri növbədənkənar keçirildi. 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərdə Cənab İlham Əliyevin ümumxalq sesverməsində 86,03 faiz səs qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız bu düzgün seçimi bugünkü qələbə tarixinin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 20 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalına son qoydu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik".

Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təvazökarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 20 il ərzində sözü ilə əməli bir olan, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanan, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir.

Bir sözlə, sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev son 20 ildəki uğurları bir daha dəsdiqləyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla bundan sonra da zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

RƏFİQƏ KAMALQIZI