Növbəti zəfərin astanasında TƏHLİL

8 Dekabr 2023 16:58 (UTC+04:00)

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir

Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu siyasəti böyük əzmlə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə borcludur. Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb. Əldə olunan uğurların davamı xarakter alacağını bildirən Müzəffər Ali Baş Komandan çıxışlarının birində demişdir: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Ölkə Prezidenti İlham Əliyevin müdrik islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib. Qazilər avtomobillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının göstəricisidir.

"Əsrin müqaviləsi"nin davami "Yeni əsrin müqaviləsi"

Gündən günə inkişaf edən iqtisadi artım enerji sektorunda da geniş şəkildə davam etdirilir. 1994-cü ilin sentyabrın 20-də imzalanan və dünyada böyük maraqla qarşılanan "Əsrin müqaviləsi"nin davamı olan "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. "Əsrin müqaviləsi"nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi mərkəzinə çevrilən dövlət olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır. 2003-cü il prezident seçkilərində Cənab İlham Əliyev doğma xalqına müraciət edərək qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək. Vədini əməli işi ilə yerinə yetirən Prezident İlham Əliyev ordu quruculuğunu ən yüksək səviyyədə həyata keçirə bildi. Dünyada ən güclü 50 ordu sırasında yer tutan Azərbaycan ordusu bu reytinqini 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə ilə daha da möhkəmləndirdi. Hələ 2016-cı ilin aprelində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus–Laçın yolu nəzarətə götürüldü.
2020-ci sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən diz çökdü və təslim olmaqla ağ bayraq qaldırdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!". Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində onu da fəxarət və qürur hissi ilə qeyd etmişdir ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.: "Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". Həmin ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda 44 günlük Vətən Müharibəsində hər məqamda Azərbaycan xalqının, Prezidentinin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Zəfər Paradında Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi.

Xankəndi şəhərində keçirilən hərbi parad zəfər salnaməmiz idi

Üç il sonra daha və yeni möhtəşəm qələbəyə imza atıldı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatçıların silah-sursatları və canlı qüvvələri məhv edildi. Baş terrorçuların əksəriyyəti isə həbs olundular. Hazırda onlar istintaq altındadırlar və layiq olduqları cəzanı almaq üçün məhkəmələrini gözləyirlər. Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Ali Baş Komandan, Prezident İlham Əliyev Bayrağımızı şəhərin meydanında ucaltdıqdan sonra xalqa müraciətində demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək". Prezident İlham Əliyev 7 noyabr 2023-cü ildə daha bir qürurverici anları xalqımıza bəxş etdi. Xankəndi şəhərində hərbi parad keçirildi və paradda separatçılardan götürülən hərbi texnikalar nümayiş etdirildi. Bununla da Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı etdiyi pisliklərə, vandalizm aktlarına, işğalçılıq siyasətinə sərt və qətiyyətli cavab verildi. Nümayiş etdirildi ki, Azərbaycan xalqı qalib xalqdır və bu xalqa yalnız zəfər yaraşır.

Xalq yeni zəfərə hazırlaşır

Hədəf və məqsədlərə isə ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail olmaq olar. Bu baxımdan, xalq yeni zəfərə hazırlaşır. Bu zəfərin yeri və ünvanı seçki məntəqələri olacaq. Fevralın 7-də keçirilməsi planlaşdırılan seçkilərdə xalq Cənab İlham Əliyevə olan sevgisini, məhəbbətini, dəstəyini böyük fərəhlə nümayiş etdirəcək. Ona görə də 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, növbədənkənar prezident seçkiləri siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra keçirilir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Söz yox ki, uduzacaqlarını indidən başa düşən dağıdıcı ünsürlər qidalandıqları xarici qüvvələrin tapşırıqlarına uyğun olaraq müəyyən təxribatçı addımlar atacaqlar, qərəzli açıqlamalarla çıxış edəcəklər. Təbii ki, bunların heç biri keçərli olmayacaq. Birincisi ona görə ki, seçkilərin nəticələrini xarici qüvvələr deyil, Azərbaycan xalqı müəyyənləşdirir, ikinci isə, ölkəmizdə Qalib, Müzəffər Sərkərdə İlham Əliyevlə rəqabət apara biləcək heç bir qüvvə yoxdur və ola da bilməz. Ona görə də, dağıdıcı ünsürlərin deyəcəkləri qərəzli fikirlər boşboğazlıqdan başqa bir şey olmayacaq.

İLHAM ƏLİYEV