“Sevincdən bütün qohumlarımız evimizdən yığışmır” - Hüseyn Axundovun anası

8 Dekabr 2023 16:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Razılaşmaya uyğun olaraq Ermənistanda həbsdə olan Bəbirov Aqşin və Axundov Hüseyn əsirlikdən azad olunur. SİA mövzu ilə bağlı Hüseyn Axundovun anası Şəlalə Axundovanın təəssüratlarını öyrənib.

Şəlalə xanım bildirib ki, çox fərqli hisslər yaşayır: “Çox sevinirəm, oğlum nəhayət evinə qayıdacaq. Amma konkret olaraq nə vaxt gələcəyi barədə məlumatımız yoxdur”.

O, sözlərinə belə davam edib: “Ürəyimdə oğlumun gəlişi ilə bağlı elə diləklərim var idi ki… Onun gəlişinə özəl hazırlıqlar görürük. Sevincdən bütün qohumlarımız evimizdən yığışmır. Dünən gecə saat 02:00-da jurnalistlər evimizdə çəkiliş edirdilər. Çox fərqli hisslərdir. Cənab Prezidentimizə çox təşəkkür edirik. Hislərimi sözlərlə ifadə edə bilmirəm”.

Ayşən Vəli