Ötən gün Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib. Bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb. Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxş olub. Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. SİA mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, 60 yaşlı qadının yumurta hüceyrəsinin olması mümkün deyil: “Bu hamiləlik yalnız donor yumurta hüceyrə ilə hazır dölləndirildikdən sonra qadının uşaqlığına qoyulur və daşıyıcı funksiyasını yerinə yetirməsi halında mümkündür. Yoxsa 60 yaşında qadının özündə yumurta hüceyrə ola bilməz”.
Ləman Əliyeva sözlərinə belə davam edib: “Bu yalnız Allahın möcüzəsi ilə mümkündür və milyonda bir baş verə bilər. Amma hələ ki rastlaşmırıq.
Süni mayalanma ilə məşğul olan həkimlər də deyə bilər ki, müəyyən yaşdan sonra cavan qadınlarda belə yumurta hüceyrə tapmaq mümkün olmur. Bu 60 yaşlı qadın süni mayalanma ilə hamilə qalıbsa, o donordur. Adətən 40 yaşa kimi qadınlar hamilə qala bilir. Bəzən bu 45 yaşa kimi uzana bilər. Amma 45 yaşdan sonra hamilə qalmaq çətin məsələdir”.
Ayşən Vəli