"Müəllimlərin əksəriyyəti 2000 manat alsa da məktəbi yola verəcək" - EKSPERT TƏNQİD ETDİ

5 Dekabr 2023 14:55 (UTC+04:00)

“Günahı çox vaxt məktəbin üzərinə atacaqlar amma uşaq ailədə yetişir. Oxuyub-yazmaq təhsilin ən aşağı qatıdır. Bu birinci sinifdə öyrədilən bir şeydir, burada ən böyük günahkar valideyndir”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.

Ekspertin sözlərinə görə, Dövlət İmtahanın Mərkəzinin keçirdiyi imtahanlarda 9 və 11-ci sinif şagirdləri arasında bu say ümumilikdə 100 eləmir. Amma indiki informasiya əsri dediyimiz dövrdə bu çox acınacaqlı vəziyyətdir: ”Oxuyub-yazma bilməyənlərin sayı 1 də olsa çoxdur. Burada günahkar ilk növbədə ailə amilidir. Mövzu ilə bağlı araşdırma etmişdim. Nəticədə görürük ki, oxuyub-yazma bilməyən uşaqlar adətən ailədə travma alan, valieynləri olmayan uşaqlarda bu hal rastlanır. Normal ailələrdə belə bir problem heç vaxt görməmişəm”.

R.Fikrətoğlu bildirib ki, birinci günahkar olaraq valideyn amilini götürürüksə ikinci amil mütləq şəkildə məktəb olmalıdır: “Məktəb tədbir görməlidir. Sinifləri atladıqca müəyyən imtahanlar verilir, şagird həmin imtahanlardan keçərək gəlib ki, buraya qədər gəlib çıxır. Düzdür qanunvericilikdə bununla bağlı müəyyən tədbirlər var, amma həyata keçirilmir. Bu gün Azərbaycanda məktəblə valideyn arasında kommunikasiya itib”.

Ekspert sonda qeyd edib ki, Azərbaycan müəllimlərinin əksəriyyəti aylıq 2000 manat maaş alsa da düşünəcək ki, məktəbi yola versin və hazırlığına getsin: “Bir sinifdə 15-20 nəfər varsa, onun 5-i də oxusa, 10-u da oxusa müəllim üçün fərqi yoxdur. Əslində bununla bağlı tədbirlər görmək olar. Hər il imtahanlar nəticəsində məlum olur ki, hansı rayonlar, məktəblər zəifdir. Bu məktəblərlə bağlı tədbir görülə bilər. Amma lazımi tədbirlər yenə də görülmür. Elm və Təhsil Naziri Emin Əmrullayev bir fikir işlətdi ki, müəllimə qızıl hədiyyə vermək ayıbdır. Düzdür əslində yenə bu hallar müşahidə olunur, yenə də maddi maraq önə çəkilir. Amma Emin Əmrullayev bunların qarşısını qismən ala bilib. Nəticədə biz oxuyub-yazmaq bilməyən uşaqlardan danışırıq. Burada müəllimi uşağın oxuması çox da maraqlandırmır. Azərbaycan müəllimini əsas onun dərs saatı, dərs yükü, aylıq ala biləcəyi əməkhaqqı düşündürür. Amma ümumilikdə bu çox acınacaqlı haldır. Bu gün məktəblə valideyn arasında rabitə bərpa edilməldir”.