Amorf təşkilatdan POPULİST, DEKLORATİV BƏYANAT – TƏHLİL

4 Dekabr 2023 17:17 (UTC+04:00)

ATƏT adlı beynəlxalq qurum, yəni Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yenə də Cənubi Qafqaza burnunu soxmağa çalışır və mənasız olmasına baxmayaraq, bu istiqamətdə səy göstərməkdədir. Bu beynəlxalq qurumun hazırkı sədri və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqun tərəfdarı olduğunu bildirib. Amma nəzərə almayıb ki, əvvəla, rəhbərlik etdiyi təşkilat çox gecikib, Azərbaycan heç bir vasitəçi olmadan danışıqlar aparmaq təklifi ilə çıxış edib və Ermənistan tərəfindən bununla bağlı müvafiq addımlar gözlənilir. Digər tərəfdən də, təşkilatın sədri deyəsən indi rəhbərlik etdiyi ATƏT adlı qurumun artıq keçmişdə qalan münaqişə ilə əlaqədar bu vaxta qədər heç bir addım atmadığını və etimadını, nüfuzunu itirdiyini, amorf təşkilata çevrildiyini dərk edə bilməyib.

“Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasına yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir”, - deyə bəyan edən Osmani sadəcə populistcəsinə çıxış edib. Onun belə populiscəsinə fikir səsləndirməsi deklorativ bəyanat olaraq qəbul oluna bilər, çünki bu təşkilatın uzun zaman kəsiyində olan fəaliyyəti bundan artığını düşünməyə belə imkan vermir. “ATƏT region ölkələri arasında “konstruktiv dialoq” üçün platforma təklif edir”, deyə əlavə edən ATƏT sədri nəyi nəzərdə tutur? Axı təkcə biz yox, bütün dünya sözügedən təşkilatın düz 30 il müddətində heç bir əməli iş görmədiyinin şahidi olub. Şahidi olub ki, ATƏT bu qədər uzun müddət ərzində münaqişənin həlli istiqamətində bircə dənə də olsa nailiyyətə imza ata bilməyib. Hətta buna səy belə göstərməyib, çünki turist səfərləri etməklə işini bitmiş hesab edib. İndi hansı dırnaqarası “konstruktiv dialoq” barədə söhbər gedə bilər və görəsən, bu fikirlərə inanan ola bilərmi?

On illər ərzində ATƏT-in əlindən imkanı kim almışdı və yatmışdımı ki, indi yuxudan ayılar-ayılmaz yadına Cənubi Qafqaz düşüb? Faktiki olaraq münaqişənin həllində “mükəlləf” olan bu beynəlxalq təşkilat üzərinə düşən vəzifənin öhdəsindən düz 30 il müddətində gələ bilmədi. Yaxud da, öhdəsindən gəlmək istəmədi. Sual olunur ki, axı həmin bu təşkilat bu qədər uzun müddət ərzində, özü də öhdəliyi ola-ola məsələnin həllinə nail ola bilmədisə, yaxuda nail olmaq istəmədisə, indi amorf bir quruma çevriləndən sonra nəyə isə nail olacağına təşkilatın hazırki sədri özü inanırmı? Ümumiyyətlə, buna kiminsə inanması, əmin olması mümkündürmü? Qətiyyən mümkün deyil. Deməli, səsləndirilən fikirlər yalnız populizm nümunəsidir və deklarativ bəyanatdan başqa bir şey ola bilməz. Əgər Cənubi Qafqaz regionundakı proseslərdə ATƏT öz iştirakının olmadığını, yaxud da məsələlərə qarışmağının mümkünsüzlüyünü görüb bundan, yumşaq desək, “xoşlanmırsa” bu, həmin təşkilatın öz günahıdır. Çünki artıq həmin təşkilat həm öz imicini, nüfuzunu itirib, həm də bundan sonrakı proseslərdə bu təşkilata qətiyyən ehtiyac yoxdur.

Reallıq ondan ibarətdir ki, hazırki şəraitdə ATƏT-in “konstruktivizm” çağırışları və digər konvensiyalar belə öz aktuallığını itirib. Azərbaycan öz ərazi bütövlüyünü öz gücü, öz potensialı ilə tam bərpa edib. Ölkəmiz işğal altında olan əraziləri işğaldan öz hesabına azad edib və artıq Qarabağ iqtisadi rayonu Azərbaycanın öz nəzarəti altındadır. Deməli, Cənubi Qafqazda vəziyyət məhz Azərbaycanın xeyrinə dəyişib və bu reallığı görməyi ATƏT adlı quruma da tövsiyyə edirik. Təşkilatın sədri görmürsə, dərk edə bilmirsə, xatırlada bilərik ki, Qarabağ münaqişəsini öz gücünə həll edən Azərbaycan regionda sülh gündəmini müstəqil şəkildə irəli sürür. Özü də rəsmi Bakı qeyd olunan sülh gündəmini Ermənistanın da, həmin ölkənin Qərb himayədarlarının da siyasətinə və təzyiqlərinə belə məhəl qoymadan reallaşdırmaqdadır. Hər halda bütün bunların fonunda ATƏT-in vasitəçiliyinə ehtiyac olmadığı müzakirə belə ediləcək deyil və təşkilatın sədri də başa düşməlidir ki, deklorativ bəyanatlar verməklə, hansısa prosesə qarışmasına belə yol veriləcəyi qətiyyən mümkün ola bilməz.

Kifayət qədər uzun müddət ərzində heç bir fəaliyyət göstərməyən, münaqişənin həlli istiqamətində bircə dənə də olsa nailiyyət əldə etməyən, hətta etmək istəməyən, amma Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradıldığı qeyd olunan və artıq unudulmuş bir amorf təşkilatın, yəni ATƏT-in çağırışlarına, məsləhətlərinə Bakının indi ehtiyacı varmı? Əlbəttə ki, yoxdur. ATƏT barədə, onun münaqişə ilə əlaqədar fəaliyyətsizliyi, yarıtmazlığı barədə kiminsə, ələlxüsus da təşkilatın sədrinin məlumatsız olması heç də inandırıcı deyil. Təşkilatın sədri də yaxşı bilir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı ATƏT adlı qurumun fəaliyyətsizliyinə düz 30 ilə yaxın səbr etməli olub. Maraqlıdır, həqiqətən də o elə hesab edir ki, rəsmi Bakı bundan sonra da 30 il ATƏT-in fəaliyyətsizliyinə səbr edərək dözməyə razı olar? Çətin ki, belə hesab etsin, çünki artıq Azərbaycanın nəinki ATƏT, ümumiyyətlə, heç bir təşkilatın vasitəçiliyinə ehtiyacının olmadığı göz önündədir. Həm də axı vasitəçisiz danışıqlar barədə rəsmi Bakının İrəvana təklif də etdiyi bəllidir. Belə çıxır ki, bunu bilə-bilə təşkilatın sədri boş fikirlər səsləndirməyi özünə rəva bilib və bunun sadəcə deklarativ bəyanatdan başqa bir şey olmadığını onun özü hamıdan yaxşı bilir.

Olduqca maraqlı ritorik suallar da ortaya çıxır və bu suallar ATƏT sədrinin dediklərinin populizmdən başqa bir şey olmadığına zərrə qədər şübhə yaranmasına belə imkan vermir. İndi Cənubi Qafqaza burnunu soxmaq, guya danışıqlar üçün çalışdığına da inam yaratmaq istəyən həmin o sözügedən amorf təşkilat, torpaqlarımız Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə niyə rəsmi İrəvanı bircə dəfə də olsa konstruktivizmə çağırmamışdı? Nə əcəb konstruktivizm indi yada düşüb? Axı Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu düz 30 ilə yaxın bu təşkilat sadəcə seyr edirdi. Həmin o qeyri-konstruktiv mövqeyinə görə ATƏT tərəfindən İrəvana bir dəfə də olsa irad belə bildirilməmişdi. BMT Təhlükəsizlik Şurası kimi bir beynəlxalq təşkilatın Azərbaycanın xeyrinə qəbul etdiyi məlum dörd qətnaməsini yerinə yetirmək çağırışını Ermənistana niyə bu vaxta qədər ATƏT etməmişdi? Həmin beynəlxalq təşkilatın qətnamələrini hesaba almırdı, yoxsa çağırış etməyi lazım bilmirdi? İndi buna onsuz da ehtiyac yoxdur və belə məqamda ortaya atılmaq həm yersizdir, həm mənasızdır, həm də qətiyyən imkan veriləsi deyil. Bir təşkilar ki, işğalçı ölkənin, yəni Ermənistanın Qarabağda etnik təmizləmə apardığı bir dövrdə, erməni separatçılarının Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel və nəhayət, insanlıq dramı olan Xocalı faciəsini törətdikləri zamanda səsini də çıxarmadı, özünü görməməzliyə, eşitməməzliyə vurdu, həmin təşkilatın bundan sonra çağırışları, eləcə də təşkilatın sədrinin populist fikirləri və bəyanatları Azərbaycan üçün qətiyyən heç bir məna kəsb edə bilməz.

Azərbaycan torpaqları erməni separatçıları tərəfindən işğal və zəbt edildiyi zaman, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasını ölüm, işgəncə təhdidi səbəbindən tərk etdikləri, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldıqları vaxt müşahidəçi mövqedə olan Qərbin, Avropanın, xüsusən də ATƏT-in həmin məqamda nümayiş etdirdikləri susqunluqlarına heç bir ad tapmadan, bəhanə belə gətirmədən indi məsələyə müdaxilə etmək cəhdləri qəbuledilməzdir. Bu, hətta həyasızlıqdır və ən yaxşı halda, populizm kimi görünə bilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı regionun təhlükəsizliyi təhdid altında olanda, regionda böyük təhlükələr olanda, buna məhəl qoymadısa, təhlükənin qarşısının alınması üçün nə isə etmədisə, əməkdaşlıq üçün əməli addım atmadısa, indi hansı üzlə regiona soxulmaq niyyətinə düşə bilər? Təhlükəsizlik təşkilatı təhlükəsizliyin təminatına ehtiyac olduğu zaman öz işini görməli, vəzifəsini icra etməli idi. Əməkdaşlıq istiqamətində də addımlar atılması gərəkən zamanda atılıb ortaya düşməli idi, indi yox. Regionda təhlükəsizliyi, sabitliyi öz gücü, öz potensialı hesabına təmin edən, şəhid qanı bahasına yeni reallıqlar yaradan, haqqı, ədaləti bərpa edən Azərbaycan buna, yəni ATƏT-in bölgəyə burun soxmasına, proseslərə müdaxilə etməsinə imkan verərmi? Əlbəttə ki, verməz və hətta buna artıq ehtiyac da yoxdur axı.

Çox gec yuxudan ayılıb ATƏT və yuxulu-yuxulu da atılıb ortaya, amma hərəkət etmək, fəaliyyət göstərmək lazım olduğu zaman qətiyyən “yerindən” tərpənməyib. Cəmi 44 gün müddətində işğalçı ölkəni hərb meydanında diz çokdürən Azərbaycan Ermənistanın qanunsuz silahlılarının ərazilərimizdən çıxarılması üçün yenə də səbrlə gözlədisə də, nə rəsmi İrəvan bundan nəticə çıxarmadı, nə də ATƏT adlı bir qurum işğalçı ölkəyə nəyinki təsir etməyə çalışmadı, məsələyə heç münasibət belə bildirmədi. Bunun, yəni bir ölkənin silahlılarının başqa bir ölkənin ərazisində gizlənməsinin qanunsuz olması barədə fikir belə səsləndirmədi həmin o beynəlxalq qurum və susaraq gözləmə mövqeyi seçdi, amma öz sədrinin deklarativ bəyanatları fonunda indi səsi çıxmağa başlayıb. Rüsvayçı məğlubiyyətlə üzləşən Ermənistana sülh təklifini qalib ölkə olan Azərbaycan etdiyi zaman bəlkə ATƏT rəsmi İrəvana “öyüd-nəsihət” verib, sülh prosesini ləngitməməyə çağırıb? Xeyir, belə bir çağırışı belə bu üç il ərzində etməyib. Deməli, ATƏT sədri tərəfindən deyilənlər, ifadə olunan fikirlər sadəcə bir populizm nümunəsidir və onun deklarativ bəyanatı nə danışıqlar, nə də sülh üçün nəzərdə tutulmayıb. Uzaq başı, məhz ATƏT sədrinin timsalında avropalıların belə boş, mənasız fikirlər səsləndirmələri səmərəsizliklərini ört-basdır etmək üçündür. Həm də qurum sədrinin belə deklorativ bəyanatları təşkilatın amorf olduğu barədə düşünülməməsi üçün ola bilər, amma təəssüf ki, bu mənada da gecikmələri var, çünki bu qənaətdə olanlar az deyil. “Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətinin aradan qaldırılmasında qurumun səmərəsizliyi bu illər ərzində öz təsdiqini tapdı”, deyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-ə ünvanladığı tənqidi fikirlər bunu deməyə əsas verir ki, həqiqətən də təşkilatın səmərəsizliyi artıq rəsmi şəkildə qeyd olunur. Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini aradan qaldırmaqla bir vaxtlar məşğul olan yeganə təşkilat sayılmasına baxmayaraq, ATƏT-in artıq öz şansını itirdiyi barədə Skopyedə ATƏT Xarici İşlər Nazirliyi Şurasının iclasında ölkəmizin XİN rəhbərinin vurğulaması bunun şəksiz sübutudur.

İllər, daha doğrusu, onillər boyu Azərbaycanın haqlı çağırışlarına məhəl qoymaması fonunda, hər halda ATƏT sədri də bilir ki, onun deklarativ bəyanatlarına indi də rəsmi Bakı tərəfindən məhəl qoyulmayacaq. Yaxşı bilir ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələlərə otuz ilə yaxın saymazlıq edən bir qurumun, özü də artıq amorf quruma çevrilən bir təşkilatın sədrinin də, özünün də bəyanatları saymazlıqla qarşılanmağa layiqdir. Onu da yaxşı bilir ki, ATƏT adlı qurumun fəaliyyətsizliyi, qanunsuzluqlara, erməni vəhşiliklərinə göz yumması, etinasızlığı işğalçı ölkəni illər boyu daha da ruhlandırıb. Çünki həmin o işğalçı ölkə olan Ermənistan ATƏT kimi ikiüzlülük, ədalətsizlik edən bir təşkilatın timsalında mövqesizliyə, yaxud haqsızlığa etinasız mövqeyə arxalanaraq hədsizlik etməkdə, qanunsuzluğa rəvac verməkdə davam edib. Rüsvayçı məğlubiyyətlə qarşılaşan Ermənistanın az qala üç ilə yaxın müddətdə öz qanunsuz silahlılarını, ağır hücum silahları ilə təchiz edilmiş 10 min əsgərini ərazilərimizdə saxlaması da səbəbsiz deyildi, məhz həmin o ruhlandırılma sayəsində idi və onların qisas niyyəti ilə saxlanılmasının özü belə ATƏT kimi ikiüzlülük, ədalətsizlik edən bir təşkilatın timsalında qanunsuzluğa etinasız yanaşılacağına əminlikdən irəli gəlirdi. Deməli, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mövcudluğundan region sadəcə olaraq, təhlükəsizlik baxımından zərər görməkdə davam edə bilər və əsl reallıq məhz budur. Bu reallıq ölkəmizin XİN rəhbəri tərəfindən Skopyedə ATƏT Xarici İşlər Nazirliyi Şurasının iclasında üstalıqla xatırladıldı. ATƏT-in öz şansını itirdiyi barədə fikrini sərt şəkildə ifadə edən XİN rəhbəri Ceyhun Bayramovun dedikləri təşkilatın sədrinin dediklərindən fərqli olaraq, populist, deklorativ bəyanat deyil, reallığı əks etdirən sərt bəyanatdır.