“Ümummilli peyvənd təqvimi icbari xarakter daşımalıdır” - DEPUTAT FİKİR BİLDİRDİ

4 Dekabr 2023 16:18 (UTC+04:00)

“Havaların soyuması ilə infeksion xəstəliklərin yoluxmasında artım müşahidə oluna bilər. Amma ümumilikdə epidemeloji vəziyyəti və qızılca infeksiyasının digər ölkələrdəki artım tempinə uyğun olaraq hazırda Azərbaycan Səhiyyə qurumları epidemeloji vəziyyəti nəzarət altında saxlayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, ən mühüm məsələ yoluxmaların qırılma zəncirinin aradan qaldırılmasıdır: “Yəni ümumtəhsil məktəblərində, insanların sıx toplaşdığı məkanlarda bir qədər əks-epidemik və qırılma zəncirini stimullaşdıran tədbirlərin görülməsi önəmlidir. Bu məsələdə mühüm yeri peyvəndlənmə tutur. Yoluxma riski olmayan, sağlam olan uşaqları vaksinasiyaya cəlb etmək lazımdır. Bunun üçün dövlət bütün imkanlarını səfərbər edib, yetərli qədər vaksin ehtiyatımız var.

Əsas məsələ isə valideynlər sosial şəbəkələrdə peyvəndə əks təbliğatına uymamalı, övladlarını peyvənd etdirməlidir. Düşünürəm ki, burada könüllük prinsipi ilə yanaşı, inzabati metodlardan da istifadə etmək lazımdır. Ümummilli peyvənd təqvimi icbari xarakter daşımalıdır”.