Xarici ölkədə təhsil alanların diplomları hansı hallarda tanınmır? - EKSPERT AÇIQLADI

4 Dekabr 2023 11:35 (UTC+04:00)

“Xarici ölkədə təhsil alıb, diplomunu tanınması, daha dəqiq desək, ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) işlərini ölkəmizdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Elnur Hacıyev deyib.

Ekspertin sözlərinə görə, diplomun tanınması üçün vətəndaş TKTA rəsmi saytında Elektron Ərizə Sistemində qediyyatdan keçib, ərizə hissəsi doldurmalı, tələb olunan sənədləri təqdim edilməlidir: “Məlumat üçün bildirim ki, kvalifikasiyaların tanınması 2 istiqamətdə həyata keçirilir:

1. Qeyri-formal və informal təhsilin tanınması

2. Xarici təhsil sənədlərinin tanınması

Xarici təhsil sənədlərinin tanınması üçün aparılan ekspertizanın yekununda müsbət rəylə qiymətləndirilmiş ərizəçilərə, müvafiq olaraq elektron şəhadətnamə təqdim olunur. Ekspertizadan keçə bilməyən diplomların mənfi rəy verilir. Yəni diplom tanınmır.

E.Hacıyev bildirib ki, diplomun tanınmamasının bir çox səbəbləri ola bilir: ”Dövlət Sərhəd Xidmətindən alınan məlumatlar təhsil müddəti dövründə tələbənin təhsil aldığı ölkədə olmadığını təsdiqləyərsə, leqallaşma aparılmayıbsa, diplom tanına bilməz. Burada bir çox başqa səbəblər də ola bilir. Əlavə olaraq qeyd edim ki, çox vaxt valideynlərin övladının təhsil alacağı xarici ölkə və təhsil alacağı Universitet haqqında yetərli məlumatı olmur. Yaxşı olar ki, abituriyentlər seçdiyi ölkə və Universitetin gələcəkdə alacağı diplomunun TKTA-ya tanınıb, tanınmaması barədə sorğu göndərsin. Ondan sonra xarici Universitetdə təhsil almağa başlasın. Bu səhədə valideynlərin və abituriyentlər arasında maarifləmdirmə işinin aparılması diplomların tanınmaması riskini xeyli azalda bilər”.