TƏBİB: hər vətəndaşın təbibi -TƏHLİL

4 Dekabr 2023 11:29 (UTC+04:00)

Ötən ay Mərkəzi Neftçilər Xəstəxanasına icbari tibbi sığorta ilə müayinə olunmaq üçün yollanmışdım. Burada TƏBİB tərəfindən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi), sözün həqiqi mənasında, icbari tibbi sığorta prosedurunun sistemli şəkildə tətbiq edildiyinin, əhalinin ayrı-ayrı xidmətlərdən yüksək səviyyədə istifadəsinin şahidi oldum. Lazımi tibbi xidmətdən istifadə edib bir vətəndaş məmnunluğu ilə xəstəxanadan ayrılarkən yolboyu xəyalən 2012-ci ilə qayıtdım. Həmin il Türkiyənin Ərzurum vilayətinə, Atatürk Dövlət Araşdırma Xəstəxanasına müayinə üçün getmişdim. O vaxtadək ölkəmizdə artıq 1999-cu ildə "Tibbi sığorta haqqında" Qanun qəbul olunmuşdu. Lakin hələlik icbari tibbi sığortanın tətbiqinə başlanmadığı üçün bu sistemlə 11 il əvvəl ilk dəfə elə orada tanış olmuşdum.

Növbə gözləyərkən həmsöhbət olduğum ərzurumlulardan tibbi sığortadan rahat şəkildə istifadə etdiklərini, 2003-cü ildən səhiyyə xidmətlərinin onlar üçün əlçatanlığından çox məmnun qaldıqlarını dinlədikcə bütün bunları tezliklə ölkəmizdə də görmək arzusu bir vətəndaş qayəsi ilə ürəyimə hakim kəsildi. Elə o an düşündüm ki, bizdə də olacaq, həm də keyfiyyətcə bundan qat-qat artığı olacaq. Çünki o vaxt ölkəmizin müstəqilliyinin cəmi 21, Türkiyənin müstəqilliyinin isə 90-dək yaşı var idi. Həm də biz bu 21 ilin əvvəlində sovet ittifaqının əsarət zəncirlərini qıraraq, xaos, anarxiya içərisində olan ölkəmizin dağılmış iqtisadiyyatı üzərində dirçəlməyə başlamışdıq.

Yaranmasının 5, fəaliyyətə başlamasının isə cəmi 3 ili əhatə etməsinə baxmayaraq artıq hər bir vətəndaşın ümid yeri-təbibi olmağı bacaran TƏBİB-in icbari tibbi sığorta sistemində həyata keçirdiyi çeviklik və keyfiyyət amili fonunda səhiyyəmizin dünəninə və bu gününə nəzər salıb, TƏBİB-in yaranma səbəbindən danışaq.

İki ictimai-iqtisadi formasiya görən xalq kimi

1918-ci ildə olmazın əzab-əziyyəti ilə qazandığımız müstəqilliyimiz zorla, güc tətbiqi ilə əlimizdən alınandan sonra SSRİ-nin tərkibində yeni bir ictimai-iqtisadi formasiya-sosializm bizi qoynuna aldı. Bu yeni quruluş nə az, nə çox, düz 70 il xalqın həyatına hakim kəsildi. Həmin dövrdə ölkəmizdə səhiyyə xidmətləri dövlət hesabına həyata keçirilsə də, lakin həkimin "hörməti" prosesi hər bir tibb ocağında mövcud idi. Bu, gizli deyil, açıq şəkildə ifadə olunurdu və korrupsiya həddinə çatmışdı. "Hörmət" etməyə imkanı olmayanlar isə səhiyyə xidmətlərindən bəzən yetərli qədər, bəzənsə əsla istifadə edə bilmirdilər. Beləliklə də səhiyyənin imkanları hər vətəndaş üçün əlçatan deyildi.

1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkə səhiyyəsində yaranan çoxsaylı problemlərin, əsasən korrupsiyanın qarşısını böyük məharətlə alsa da, Moskvaya qayıdandan sonra ölkə səhiyyəsi əvvəlki vəziyyətə geri döndü.

1991-ci ildə müstəqilliyimizi bərpa edəndən və 1993-cü ildə xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra həm də yeni bir ictimai-iqtisadi formasiyaya daxil olduğumuz üçün sovet dövründən qalma köhnəlmiş və problemlər içərisində çabalayan səhiyyə sistemində də yeniliklərə ehtiyac duyuldu. Sonralar səhiyyənin sovet quruluşundakı kimi dövlət hesabına həyata keçirilməsini, belə olarsa, icbari tibbi sığortaya ehtiyacın olmadığını iddia edənlər, bunu hətta Norveç və İngiltərə kimi dövlətlərin nümunəsində göstərənlər də oldu. Lakin bu, hələlik Azərbaycanın imkanları daxilində deyildi. Öncə müasir standartlara cavab verəcək səhiyyə sistemi qurmaq lazım idi.

Hər iki ictimai-iqtisadi formasiyanın xarakterik cəhətlərini çox dəqiqliklə analiz edən Ümummilli Liderimiz xalq üçün elə bir səhiyyə sisteminin formalaşdırılmasını istəyirdi ki, bu, həm keyfiyyətli, həm də hər bir vətəndaş üçün əlçatan olsun. Elə bu məqsədlə də hakimiyyətinin ilk illərində "Tibbi Sığorta haqqında" qanun qəbul olunmuşdu. Çünki Ulu Öndər dünya təcrübəsində, hətta bəzi keçmiş SSRİ dövlətlərində geniş yayılmış icbari tibbi sığortanın əhəmiyyətini bilirdi və bunun ölkəmizdə də həyata keçirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Beləliklə ölkə səhiyyəsinin inkişafı üçün mühüm addımlar atıldı. Dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirildi, ixtisaslı həkim kadrların yetişdirilməsi üçün onların xaricdə təhsilinə şərait yaradıldı.

Müstəqillik illərində Azərbaycan səhiyyəsində əsaslı islahatlar həyata keçirildi. Heydər Əliyevin qanun­vericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən qanunlar mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, islahatların da uğurlarını təmin etdi. Rəqabətin inkişafa təsiri əsas götürülərək ölkədə özəl səhiyyə müəssisələrinin inkişafına şərait yaradıldı.

Ümummilli Liderin sosial siyasəti ötən 20 ildə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdi­rilir. 2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikil­məsi və ya əsaslı şəkildə təmir edil­məsi, ən əsası isə TƏBİB-in yaradılması ilə icbari tibbi sığortanın fəaliyyətinə start verilməsi səhiyyənin inkişafı istiqamətində görülən işlərin möhtəşəmliyini göstərir.

İcbari tibbi sığorta- insanların bir-birinə yardımı

Ölkə səhiyyəsində bir yenilik olan icbari tibbi sığortanın tətbiqi həm də Azərbaycan xalqının mental dəyərlərinə əsaslanan bir faktordur. Xalqımız tarixən bir-biri ilə yardımlaşan, həm sevincli, həm kədərli günlərini paylaşan, hansısa bir işdə bir-birinə kollektiv şəkildə kömək edən xalq olub. İcbari tibbi sığortanın özündə sosial həmrəylik, yardımlaşmaq, kömək etmək prinsiplərini əks etdirməsi xalqımızın bu gözəl dəyəri ilə üst-üstə düşür. Bunu bir vətəndaşın illərlə sığorta haqqı ödəməklə heç xəstələnmədiyi təqdirdə onun yardımından başqa vətəndaşların istifadəsində, sağlamlığına qovuşmasında görürük.

Beləliklə də bu ali dəyərləri özündə birləşdirən və səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərən qurumun tətbiqi məqsədilə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı, 2008-ci ildə "Tibbi sığorta haqqında" Qanuna müəyyən əlavə və dəyişikliklər olundu, onun tətbiqi istiqamətində daha aktiv addımlar atıldı və 2016-cı ilin dekabrında agentliyin strukturu təsdiq edildi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) yaradıldı. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul etdi. Əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirmək olan TƏBİB 2020-ci ilin yanvar ayından fəaliyyətə başladı.

İcbari və könüllü şəkildə həyata keçirilən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla bərabər, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür. Üstün və fərqli cəhəti səhiyyəyə sərf edilən vəsaitlərin səmərəli cəmləşdirilməsi, bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsi olan icbari tibbi sığorta sistemində məqsəd əhaliyə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi, bütün tibbi xidmətlərə əlçatanlığın təmin edilməsidir.

Nəticədə icbari tibbi sığorta sağlam həyata, xəstəliklərin vaxtında aşkarlanmasına, müalicəsinə, yüksək vəsait xərcləmədən sağlamlığımıza qovuşmağımıza hesablanmış sistemdir.

TƏBİB pandemiya dövründə və bu gün

2020-ci ilin əvvəlindən etibarən icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulsa da, COVİD-19 infeksiyasının dünyada və ölkədə yaratdığı fövqəladə durum prosesin icrasında fasilənin yaranmasına və daha təxirəsalınmaz məsələlərin həllinin ön plana çıxmasına səbəb oldu. Səhiyyə Nazirliyi və TƏBİB başda olmaqla, bütün müvafiq dövlət qurumları pandemiya ilə mübarizəyə başladı.

Biz TƏBİB-i icbari tibbi sığortanı ölkədə həyata keçirən qurumdan əvvəl pandemiya ilə fəal mübarizəçi kimi tanıdıq. Və TƏBİB-in həmin vaxt mükəmməl fəaliyyətini hər bir ölkə vətəndaşı təsdiq edə bilər. Əgər pandemiya araya düşməsəydi, TƏBİB indiyədək əldə etdiklərindən daha çox uğur əldə edə bilərdi.

Hazırda ölkədə TƏBİB-n nüfuzu günü-gündən artmaqdadır. Çünki o, hər bir vətəndaşın təbibi olmağı bacardığını əməli işi ilə sübut edir. Xəstəxanalarda göstərilən tibbi xidmətlər, əhalinin maarifləndirilməsi, kütləvi şəkildə bu xidmətlərdən istifadə etməsi, tək şəxsiyyət vəsiqəsi ilə heç bir əziyyət çəkmədən-sistemli şəkildə müayinələrdən keçməsi və buna TƏBİB əməkdaşlarının nəzarəti vətəndaş məmnunluğunu yaradan amillərdir. Elə bütün bunların nəticəsidir ki, cari ilin ilk 9 ayı ərzində dövlət tibb müəssisələrinə 4,2 milyon şəxs 16 milyondan çox müraciət edib. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 50 milyondan artıq olub. İlin sonuna qədər tibb müəssisələrinə 5 milyondan çox əhalinin müraciəti gözlənilir.

Təbib tərəfindən işin əhatəli qurulmasının nəticəsdir ki, cari ilin 8 ayı (yanvar-avqust) ərzində özəl tibb müəssisələrində vətəndaşlar sığorta çərçivəsində 100 mindən çox tibbi xidmətdən yararlanıb. Agentliyin müqavilə bağladığı özəl klinikalarda əsasən ürək-damar, ümumi cərrahiyyə uroloji, travmatoloji, oftalmoloji, neyrocərrahiyyə, lor, koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları icra olunub ki, vətəndaşlar vaxtilə aid xəstəliklərin müalicəsinə ya külli miqdarda vəsait xərcləməli, ya da imkansızlıqdan vəfat etməli idi.

Dövlət bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Bu məqsədlə dövlət büdcəsindən növbəti ildə də icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi məqsədi ilə 1,4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu sahə inkişaf etdikcə Xidmətlər Zərfinə daxil olan tibbi xidmət növləri də artırılır. Əgər ilk mərhələdə tibbi xidmət 2500-ə yaxın idisə, indi bu, 3000-dən artıqdır və gələcəkdə daha da artırıla bilər.

Fondun vəsaitinə gəlincə isə məlumata əsasən bunun 17 %-i təqribən 1.7 milyon vətəndaşın ödədiyi sığorta haqları hesabına formalaşır. Qalan əhali üçün bütün səhiyyə xərcləri dövlət büdcəsindən ödənilir. Bu da dövlətimizin insan amilinə verdiyi dəyərin göstəricisidir.

İcbari tibbi sığorta ilə bağlı insanlarla söhbətimiz zamanı bu qənaətə gəlmək olur ki, onların TƏBİB-ə ümidi böyükdür. Bu ümidi reallaşdıran amil isə bundan sonra da tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan işlər ola bilər.

Yaranmasının 5-ci ildönümü münasibəti ilə TƏBİB kollektivini təbrik edir, hər bir vətəndaşın təbibi olduğunu təqdir edirik.

Mətanət Məmmədova

Məqalə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının "Bir ömür xidmətinizdə..." mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.