"Xatırlayıram ki, hətta 15 il əvvəl də özəl məktəblərdə bu kimi ianələr yığılırdı. Doğrudur, bu fikrə qarşı çıxanlar da olacaq. Ancaq düşünürəm ki, qarşı çıxanlar ya mövzunu tam anlamayıblar, ya da "gəlir mənbəyinin" bir hissəsinin əllərindən çıxacağına görə narahatdırlar". Bu sözləri SİA-ya təhsil eksperti Adil Vəliyev deyib.
Onun sözlərinə görə, valideyn hər bayramda, doğum günündə, tədbirlərdə müəllim, direktor üçün nə isə alır: "Hesablasaq bu, kifayət qədər çox pul edir. Bu pulun konkret kimə getdiyi də bilinmir və sinifdə oxuyan bütün şagirdlərin valideynləri pul vermək məcburiyyətində qalır. İmkanı olmayan isə utandığından borc tapıb pul verir. Lakin nəzarət tamamilə şəffaf şəkildə olsa, bu, bir ianə kimi qəbul ediləcək. Məcburiyyət olmayacaq. İanənin məcburiyyəti yoxdur, yəni kim nə qədər verirsə, gizli saxlanılır".
Ekspert bildirib ki, bəzi özəl məktəblərin məzunları universitet dönəmini bitirib iş həyatına qədəm qoyduqdan sonra öz məktəblərinə müəyyən köməklik edirlər: "İnanıram ki, bu kimi dəstəklər gələcəkdə öz müsbət təsirini göstərəcək".
Ləman Sərraf