Xersonun atəşə tutulması zamanı iki nəfər həlak olub

3 Dekabr 2023 21:56 (UTC+04:00)

Bazar günü Xersonun atəşə tutulması nəticəsində 2 nəfər həlak olub və azı 7 nəfər yaralanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli hakimiyyət nümayəndələri bildirib.

Onların sözlərinə görə, Dnepr çayının sol sahilindən rus qoşunları Xerson şəhərinin mərkəzi dairəsini artilleriyadan atəşə tutub, o cümlədən çoxmərtəbəli binanı vurublar. Evə dəyən zərərin foto və videoları yayılıb. Orada bir qadın ölüb, bir neçə nəfər yaralanıb.

Daha sonra daha bir Xerson sakininin ölümü ilə bağlı xəbər yayılıb. Şəhərdə iki tibb müəssisəsinin atəşə tutulduğu da iddia edilir. Orada itkilər barədə məlumat verilməyib. Rusiya hərbçiləri atışma ilə bağlı açıqlama yaymayıblar.

Xatırladaq ki, Rusiya qoşunları ötən il Ukraynaya geniş miqyaslı işğaldan sonra ilk günlərdə Xersonu işğal ediblər, lakin noyabrda Ukraynanın əks-hücumundan sonra şəhəri tərk ediblər.

O vaxtdan bəri Xerson müntəzəm olaraq atəşə məruz qalır, dinc sakinlər həlak olur. Cəbhə xətti Dnepr çayı boyunca keçir, Xerson sağ sahildə yerləşir, Ukraynanın nəzarəti altındadır, rus ordusu sol sahili tutur.

Nazlı