"Qarabağ universitetinin yaradılması tarixi hadisədir" - EKSPERT RƏY BİLDİRDİ

30 Noyabr 2023 20:08 (UTC+04:00)

"Universitet quruculuğu hər zaman çox məsuliyyətli və çoxşaxəli bir prosesdir. Bu prosesdə bir çox məsələ nəzərə alınmalıdır. Həmin müəssisəyə gedəcək tələbələr, professor-müəllim heyəti, infrastruktur nəzərə alınaraq universitetin quruculuğu prosesinin davam edəcəyini ümid edirəm". Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.

Ekspertin sözlərinə görə digər bütün universitetlərdə olduğu kimi əvvəlcə bir neçə ixtisasla universitet təhsil fəaliyyətinə başlayır və davam edir: "Mən çox istərdim ki, Qarabağda lokal vəziyyətə uyğun olaraq müxtəlif sahələr üzrə yenidən bakalavr və magistr ixtisasları açılsın. Bunlar arasında kənd təsərrüfatı, baytarlıq, kənd təsərrüfatı mühəndisliyi, çevrə mühəndisliyi, ekologiya, mədən mühəndisliyi kimi ixtisasların açılmasını çox arzu edərdim. Qarabağ həm bir tarixdir, həm bir mədəniyyətdir, həm də bir təbii sərvətdir. Ona görə görə də bu məsələləri nəzərə alaraq yeni ixtisasların açılmasını faydalı hesab edirəm. Yeni ixtisasların açılması əlbəttə gözlənilir".

Q.Məhərrəmov qeyd edib ki, azad edilən ərazilərdə tədrisə başlayacaq tələbələrdə maraq oyatmaq üçün əvvəlcə orada tam təhlükəsiz təmin olunmalıdır, gözəl yataqxanalar hazırlanmalıdır, tələbələrin sosial fəaliyyəti üçün sosial sahələr hazırlanmalıdır: "Onların asudə vaxtlarını gözəl keçirmələri üçün onlara idman sahələri, müxtəlif oyun yerləri, insani emosional inkişaflarını təmin edə biləcək mühit yaratmaq vacibdir. Biz bunu bacara bilsək və bu tələbələr üçün maddi baxımdan əlçatan olsa tələbələr üçün maraqlı olacaq və onlar həmin universitetə getməyə maraq göstərəcəklər. Tədrisin keyfiyyəti ən vacib məsələlərdən biridir, bütün bu məsələlərin yanında tədrisin keyfiyyəti də tam yerində olsa tələbələr tərəddüdsüz həmin universiteti seçəcək".