Dilənçilik gəlir mənbəyidir yoxsa... - EKSPERT FİKİR BİLDİRDİ

30 Noyabr 2023 16:13 (UTC+04:00)

"İstər böyüklərin, istərsə də uşaqların dilənçilik etməsi heç də dünyanın bütün ölkələrində birmənalı qarşılanmır. Bir çox ölkələrdə dilənçilik cinayət sayılmasa da, insanları, xüsusilə də uşaqları dilənməyə məcbur etmək və ya sövq etmək zorakılıq metodlarından istifadə etmək cinayət sayılır. Hansısa ölkədə dilənçilərə, uşaqlara və hətta əlillərə pul vermək qadağan edilib, dilənçilik edənlərə qarşı cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə ayrıca qərar qəbul edilib. Hansısa ölkədə dilənçilərin küçələrdə insanlardan pul istəmək üçün lisenziya almalı və qeydiyyat rüsumu ödəmələri ilə bağlı tələb qoyulub. Ölkəmizdə isə reallıq bundan ibarətdir ki, ictimai asayişi pozduqları hallarda dilənçilər polis tərəfindən həmin yerdən uzaqlaşdırılmaqla cəzalandırılırlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: "Bizdə bu kimi hallar kütləvi xarakter almasa da küçələrdə əsasən tək qadınlara və seyrək hallarda kişilərə, əksər hallarda qucağında körpəsi və yanında azyaşlı uşaq olan qadınlara və bir çox hallarda isə maşınların hərəkət zolağında və metro keçidlərində sakinlərə əl açan azyaşlılara heç də az təsadüf olunmur. Cəmiyyət üçün ən təhlükəlisi bu üç qrupa daxil olanlardan üçüncüsüdür.

Bir neçə il bundan qabaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da bu məsələyə diqqət çəkmiş küçədə dilənçi uşaqların diləndirilməsini cəmiyyətimizi, gələcəyimizi təhdid edən bir məsələ kimi dəyərləndirmişdi: “Böyük insanların əlində azyaşlı uşaqlar qazanc vasitəsi kimi istifadə olunur. Onlar hətta öz ata-anaları tərəfindən bu işə cəlb edilirlər. Uşağın hər hansı bir şəkildə əməyinin, özünün istismarı qəbuledilməzdir. Bu konvesiyalara da, bizim milli qanunvericiliyimiz və mənəviyyat qanunlarımıza da ziddir.

Mən də hesab edirəm ki, hüquq-mühafizə orqanları ilə birgə həmin uşaqların, onların ailələrinin, yaxın adamlarının tapılması və onlarla qanunvericilik çərçivəsində müvafiq iş aparılması, uşaqların hansısa qisminin təhsilə cəlb edilməsi, hansılarınsa dövlət müəssisələrinə yerləşdirilməsi məsələsi diqqət mərkəzində saxlanılmalı, onların psixoloji-reabilitasiya işi təşkil edilməlidir. Diqqət və qayğıdan məhrum olan uşaqlar küçə uşaqlarına çevrilirlər. Onların küçələrdən yığışdırılmasının yeganə yolu isə onların təhsilə cəlb olunmasıdır. Sabiq təhsil naziri, hazırda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun təbirincə desək “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”.

Ayşən Vəli