“Qarabağ Universiteti özü ilə birgə gəncliyi Qarabağa aparacaq” - EKSPERT FİKRİ

29 Noyabr 2023 16:16 (UTC+04:00)

“Məlumdur ki, ötən gün Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin açılması ilə bağlı sərəncam imzalayıb. Bu kifayət qədər tarixi bir hadisədir. Təbii ki, ölkədə hər hansı bir ali təhsil müəssisəsinin yaradılması ilə bağlı sərəncamın verilməsi, ümumiyyətlə, bununla bağlı addımların atılması müsbət qarşılansa da, tarixi aspektdən dəyərləndirilməyib. Burada söhbət Qarabağ Universiteti, Xankəndi şəhərində yaradılan ali təhsil müəssisəsindən gedir. Bunun özü bir tarixdir. Reallaşmasını çoxdan gözlədiyimiz zəfərin nə yaxşi ki ali təhsili də Qarabağ Universiteti sayəsində həyata keçmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Elmin Nuri sözlərinə belə davam edib: “İnanırıq ki, Qarabağ Universiteti digər ali təhsil müəssisələrindən fərqlənəcək. Artıq fərqlənib, çünki Qarabağın adını daşıyır, Xankəndi şəhərində yerləşir, zəfərin simgəsi, nişanələrindən biridir. Bununla kifayətlənmək olmaz. Bir neçə ay bundan öncə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində tibb ixtisasının tədris olunacağını bildirmişdi. O zaman mən açıqlamamda bildirmişdim ki, tibb profili olmayan bu universitetdə bu ixtisas tədris ediləcəksə, bu həmin universitetin böyüklüyündən, onun çoxşaxəli, akademik universitet olmasından xəbər verir.

Bu gün bizdə ATU-dan başqa yalnız Naxçıvan Dövlət Universitetində tibb sahəsi var. Qarabağ Universitetində də bu ixtisasın tədrisi bu universitetin nə qədər geniş bir şaxəli olacağından xəbər verir. Könül istərdi ki, burada İT, Mühəndislik, dəqiq və təbiət elmləri üzrə ixtisaslar tədris edilsin.

Qarabağ Universitetinin bir özəlliyidə tədqiqatyönümlü universitet olmasından keçəcək. Bu gün bizdə sırf tədqiqatyönümlü universitet yoxdur. Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Qarabağ Universitetinin adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı-professor, müəllim, alim gərəkdir. Qarabağ Universiteti özü ilə birgə Qarabağı gəncliyə aparacaq.

Təbii ki, universitetin tələbə kəsimini, gənclər ruhunu özündə əks etdirən mərkəzlər, bu universitetinin törəməsi şəklində fəaliyyət göstərmiş olacaq. Qarabağ Universiteti azad olunmuş torpaqların təhsili və iqtisadi cəhətdən inkişafı üçün böyük cığır olacaq. Bu gün dünya universitetlərini ölçən onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var ki, təəssüf ki, bizim universitetlər oraya yaxın düşə bilmir. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oraya göstəriləcək diqqət, şaxəli profili, dünya təhsili ilə uzlaşması bizim bu həsrətimizə son qoyacaq. Azərbaycanı təmsil edən universitetin Qarabağ Universiteti olması insanı sevindirir. Bu təbii ki, bir ehtimaldır, amma ehtimal çox keçməmiş reala çevriləcək”.

Ayşən Vəli