Güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib

28 Noyabr 2023 16:16 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında ilkin olaraq çıxış üçün söz təşkilat komitəsinin nümayəndəsi polkovnik Elşən Mirzəyevə verilib. O bildirib ki, dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, Italiya, İsveçrə, Iran, Belarus, Ruminya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, lordaniya və Tanzaniya) müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançının və 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakim qrupunun yer alacaq.

Daha sonra çıxış üçün söz Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvedeyə verilib. Şvede vurğulayıb ki, Azərbaycanda hər şey inkişaf edib: "Burada hər şeydən çox razı qaldım. Əminəm ki, bu çempionatdan sonra bizim dostluğumuz daha da möhkəmlənəcək. Belə tədbirlərin olması iştirakçı millətləri daha da yaxınlaşdırır. İnanıram ki, bu yarışda bütün ölkələrin nümayəndələri əllərindən gələni edəcək. Yarışda iştirakçıların həm dostluğunu, həm də bir-birinə qarşı mübarizəsini görəcəyik".

Sonda yarışların keçirilməsinə dair bütün texniki məsələlərin nəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davam etdirildiyi bildirilib, çempionatda mübarizə aparacaq idmançılara müvəffəqiyyətlər arzulanıb.

Ləman Sərraf