“İkinci Qarabağ, 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu son 200 ildə erməni vandalizminə və erməni vəhşiliyinə birdəfəlik son qoyaraq, 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra artıq uğurlu anti-terror tədbirləri nəticəsində Azərbaycanın bütün torpaqlarında suverenleyimiz bərpa olundu: “Ölkə başçısı Xankəndində dövlət bayrağımızı ucaldaraq, ikinci dəfə Ulu Öndər Heydər Əliyevin ruhu və xalqın qarşısında ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Ümummilli Liderin bütün amalı və məqsədi işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Güclü iqtisadiyyat, güclü dövlət prinsipi Ulu Öndərin irəli sürdüyü ən vacib məsələ idi. Çünki güclü iqtisadiyyatı olan dövlət işğal olunmuş torpaqlarını da azad edə bilər, həmin torpaqların yenidənqurma proseslərini də həyata keçirə bilər. Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütün sahələri üzrə inkişaf konsepsiyasını hazırladı. Cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində isə Azərbaycan güclü, qüdrətli dövlətə çevrildi. Azərbaycan xalqı hər zaman cənab Prezidentə minnətdar olacaq ki, o güclü və qüdrətli dövlət yaratdı və məhz bunun sayəsində torpaqlarımız işğaldan azad olundu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər nəinki bizi, bütün dünyanı sarsıtdı.
Ölkə başçısının elan etdiyi Böyük Qayıdış proqramı nəticəsində 30 il yurd-yuva həsrətində olan soydaşlarımız öz torpaqlarına qayıdır. Biz demək olar ki, artıq hər ay köç prosesinin şahidi oluruq. İlk olaraq Zəngilanın Ağalı kəndində smart kənd timsalında start verilən proses bu gün də davam etdirilir. Laçın, Füzuli, Suqovuşana köçürülən insanlar əvvəlkindən də yaxşı şəraitdə olan evlərə köçürülürlər. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd işğaldan azad edilmiş torpaqlarda ən müasir kənd və şəhərlərin yaradılmasıdır və biz hər keçən gün bu proseslərin bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa və quruculuq işlərinin görülməsi və köç prosesinin başlaması Azərbaycan dövlətinin gücünün göstəricisidir. Aparılan işlər nəticəsində qısa müddət ərzində əvvəlkindən də daha gözəl və abad Qarabağ görəcəyik.
Bu gün Azərbaycan dünyada söz sahibidir, regional transmilli layihələrin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Hazırda logistik yol infrastrukturu, tranzit marşrut xətləri Azərbaycanın inkişaf edən gələcəyindən xəbər verir. Bu gün doğma yurd-yuvalarına qayıdan insanlarımız həm də Qarabağ iqtisadiyyatının ölkə iqtisadiyyatına qovuşması deməkdir".