"Yaxşı qız" sosial şəbəkə istifadə etməz? - EKSPERT TƏNQİD ETDİ

28 Noyabr 2023 14:43 (UTC+04:00)

"İndiki dövrdə demək olar ki, çox sahədə sürətli inkişaf gedir. İnsanların daha rahat, əlverişli, məqsədəuyğun istifadə edə biləcəyi yeniliklər ixtira edilir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: "Bu gün həyatımızda sosial şəbəkənin rolu əvəzsizdir. Düzdür, özünəməxsus mənfi cəhətləri də var, lakin baxır kim, necə və hansı dərəcədə istifadə edir. Burada müxtəlif fikir və məqsədli insanlar var. Lakin ciddi tanışlıq, sağlam münasibət, sevgi axtaranlar da az deyil. Bu cür insanların əksəriyyəti real həyatda istədiyini ala bilməyən, özünəqapanıq, çəkinən insanlardır. Onlar da müasir dövrün yaratdığı asan, geniş imkandan istifadə edir.

İndiki vaxtda sosial şəbəkədə tanış olub ailə həyatı quranlara pis baxmıram. Yəni, onların əksəriyyəti çarəsiz, tənha, özünəqapanıqdır. Onların burada öz istəklərinə qovuşması, ailə sevinci, xoşbəxtlik tapması pis hal deyil. Bu cür ünsiyyət, tanışlıq saytları dünya miqyasında öz sözünü deyib. Bu vasitə insanı tanımaq üçün müəyyən qədər açıq və əlverişlidir. "Yaxşı qız sosial şəbəkə istifadə etməz" düşüncəsi gerizəkalığın əlamətidir. Qadın sosial şəbəkədən maariflənmək, bilgisini paylaşmaq üçün istifadə edirsə, bunun nəyi pisdir?! Buna qarşı çıxanların psixoloji problemi var deyə düşünürəm".

Xatırladaq ki, ötən gün Gəncədə qardaş bacısının boğazını kəsərək qətlə yetirib. Buna səbəb isə qadının "İnstagram"dan istifadə etməsi olub.

Ayşən Vəli