SPECA daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq - TƏHLİL

28 Noyabr 2023 14:06 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır"

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bunun da səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir. Məhz İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır.

SON 25 İLDƏ ƏSAS ÇAĞIRIŞLAR ARXADA QALIB…

Prezident İlham Əliyevin sammitdə bəyan etdiyi kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik və ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. "Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur".

Dövlətimizin başçısı onu da vurğulayıb ki, amma heç şübhəsiz uğursuz ölkələr də var, hansısa "ağa"ya, "bacı"ya yarınmaqla, qonşularına xəyanət etməklə, ərazisini poliqona çevirib, regional sülhü, sabitliyi təhlükəyə atmaqla, "nala-mıxa vurma siyasəti" ilə qeyri-ciddiliyin təkinə yuvarlanan birisi də bizim qonşuluqda... Ölkə başçısı sərrast şəkildə ifadə etdi həmin ölkənin gün-güzəranını…

ƏSLİNDƏ, DÖVLƏTİMİZİN BAŞÇISI BAKI ZİRVƏSİNDƏN NÖQTƏLİ ZƏRBƏLƏR ENDİRDİ

Bəli, dövlət başçımız sərrast şəkildə Ermənistanın gün-güzəranını aydın şəkildə nəinki Zirvə görüş iştirakçılarına, bütün dünyaya çatdırdı: "Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir".

Bəli, marionet Ermənistandan fərqli olaraq SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. SPECA ölkələri və Azərbaycan iqtisadi, demokratik inkişaf, ictimai-siyasi sabitlik baxımından nümunəvi ölkələrə çevriliblər. "SPECA-nın Bakıda keçirilən zirvə toplantısı bir daha göstərdi ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan vahid geosiyasi, geoiqtisadi və mədəni bir məkandır. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiyası uğurla davam edir. Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda effektiv əməkdaşlıq mövcuddur. Azərbaycanın sədrliyi ilə SPECA regionun iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformaya çevrilməkdədir. SPECA-nın son 25 illik tarixi dövründə ilk dəfə səviyyə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qalxdı. Eyni zamanda, uzun müddətdir, plan olaraq qalan Etimad Fondunun yaradılmasına nail olundu. Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etmələri daha geniş iqtisadi əməkdaşlıq formatı üçün təkan ola bilər.

"AZƏRBAYCANIN GÜCLÜ İQTİSADİYYATI MÜSTƏQİL XARİCİ SİYASƏT KURSU HƏYATA KEÇİRMƏYƏ İMKAN YARADIR"

Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: "Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb".

Göründüyü kimi, göstərilən rəqəmlər bir də göstərir ki, bu gün Azərbaycan dinamik inkişafının yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib: "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq".

Beləliklə, Bakı Zirvə görüşündə bütün deyilənlər bir daha sübut edir ki, bu gün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bir sözlə, bütün bu deyilənlər bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü siyasət, qazanılan uğurlar bu gün Azərbaycanın dünya birliyində yerini möhkəmləndirir. Azərbaycan yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib.

RƏFİQƏ KAMALQIZI