Kloun Ceyhun Əhədin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Neçə ildir bu işlə məşğulsunuz?
- 10 ildir bu sahədəyəm.
Neçə yaşınız var?
- 30 yaşım var.
- Təhsil almısınız? İxtisasınız üzrə iş tapmadız?
- Ali təhsilim yoxdur. Amma yaxşı təşkilatçılıq bacarıram və bu üzrə təhsilim var. Bakı Turizm peşə məktəbinin Tədbirlərin təşkili ixtisasını bitirmişəm. Hal-hazırda da həm klounluq edirəm, həm də təşkilatçıyam və əməkdaşlarım var.
- Ailənizin reaksiyası necə oldu?
- İlk başda ailəm və qohumlarım bunu çox pis qarşıladı. Onlar mənim klounluq etməyimi qətiyyən istəməyiblər. Amma öhtəsindən gəldim. İndi isə hər kəs qəbul edib.
- Qazancınız necədir?
- Qazanc müxtəlifdir. Normal qazanırıq. Konkret bir məbləğ deyə bilmirəm. Konret məbləğ olsa belə bunu söyləmək məncə düzgün deyil.
- Ancaq uşaq şənliklərinə gedirsiniz?
- Xeyr. Elə müştərilərim var ki, orta yaşlı insanlardır və məclislərində kloun istəyirlər.
- Uşaqlar sizi bezdirir?
- Xeyr, bezdirmir. Düzdür, bəzən dəcəl uşaqlar olur. Amma mən bu işi görürəmsə, onların uşaq olduğunu da bilməliyəm. Uşaq hər hansı bir hərəkət edirsə, onu başa düşmək lazımdır ki, uşaqdır. Hər uşaq fərqli mühitdə böyüyür. Ona görə də davranışları müxtəlif ola bilər. Mən onların hər birini anlamağa çalışıram.
- Kloun olmaq üçün hansı bacarıqlar lazımdır?
- Burada əsas istedad aktyorluqdur. Komplekssiz olmaq lazımdır, danışıq qabiliyyəti də düzgün olmalıdır, insanların psixologiyasına bələd olmalı, əylənməyi bacarmalısan. Öz kefin olmasa belə, həmin vaxt bunu heçkimə yansıtmamalısan.
- Sizcə, Azərbaycanda klounluq necə qarşılanır?
- Azərbaycanda klounluq peşəsinə olan münasibət get-gedə düzəlir. Bu təbəqələrdən də asılıdır. Hər təbəqənin fikri müxtəlifdir. Elə insan var ki, deyir "Bu nə işdir?". Amma eləsi də var alqışlayır.
- Qrimə nə qədər vaxt sərf edirsiniz? Qrimi özünüz öyrənmisiniz?
- Əlim öyrəşib deyə mənim üçün o qədər uzun proses sayılmır. Təxmini 10-15 dəqiqə vaxtımı alır. Bunu özüm öyrənmişəm. Amma, əvvəllər də yanında çalışdıqlarımın etdiyi qrimlərə baxırdım. Fərqliliyi sevirəm və qrimlərim də fərqli olur. Amma elə qrimlər var ki, körpələr ondan qorxur və ona görə maksimum dərəcədə sadə edirəm ki, uşaqlar çəkinməsin.
- Teatr fəaliyyətiniz olub?
- Bəli, olub. Məktəbi bitirdikdən sonra xalq teatrlarında fəaliyyətim olub. Təhsil aldığım illərdə də teatrlarda aktyorluq etmişəm.
- Əgər sevdiyiniz insan klounluq etməyinizi istəməsə reaksiyanız necə olar?
- Əgər sevdiyim insan işimi sevmirsə, demək ki, məni də sevmir. İşimi istəməyən insan mənim üçün yox olmalıdır.
- Küçədə söz atırlar?
Küçədə çox olmuram. Tədbirlərə də maşınla gedirəm. Ola bilər ki, kimsə nəisə söz desin. Kim nə deyir həmin an cavabını da alır.
- Pandemiya işlərinizə necə təsir etdi?
- Maddi baxımdan ziyan vurdu. Müştərilər azaldı və işimiz olmadı.
- Səsinizi dəyişirsiniz, bəs bu, sizin səs tellərinizə zərər vurur?
- Tibbi olaraq vurduğu ziyanı bilmirəm. Amma belə ciddi narahatlığım yoxdur. Amma bəzən ard-arda çıxışlar olduqda səsim yorulur.
- Bu gün klounlara qarşı olan münasibət sizi qane edir?
- Bu dəyişkəndir. Amma müsbətə doğru dəyişiklik var. İnsanlar da fərqlidir. Elə mühit var ki, orada klouna münasibət yaxşıdır. Eləsi də var çox pisdir. Mən maksimum dərəcədə çalışıram tədbirləri seçib gedim. Elə yerlər və restoranlar var ki, ora ümumiyyətlə getmirəm. Çünki həmin restoranlar mənim üçün qara siyahıdadır. Həmçinin, elə qəsəbə var ki, ora da getmirəm.
- Eyni zarafatları etmək sıxıcı olur?
- Mən eyni zarafatları etmirəm. Ola bilər ki, bir yerdə etdiyim zarafatı başqa yerdə də edim. Amma hər proqramda təkrar-təkrar eyni sözü danışmaq mənim proqramımda yoxdur.
- Qohumlarınızın sizə olan münasibəti necədir?
Hal-hazırda yaxşıdır. Amma mənə qarşı nromal münasibəti olmayan varsa, bu onların öz aləmində ola bilər. Mənə hələ ki, hiss etdirməyiblər.
- Gələcəklə bağlı hansı planlarınız var?
- İşimi böyütmək istəyirəm.
Ayşən Vəli