“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

28 Noyabr 2023 12:26 (UTC+04:00)

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb. SİA xəbər verir ki, kompaniyadan verilən məlumata görə, daşıyıcı raket noyabrın 27-də ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 23:18-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Daşıyıcı raketin artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 126-cı, cari ildə isə 57-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,4 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın işləyib hazırladığı “Starlink” internet şəbəkəsi dünyanın 62 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, ABŞ hərbçiləri də bu xidmətdən geniş istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmaq niyyətindədir. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmada kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.