"İlk növbədə biznes qurmaq üçün istək, səbr və işləməyə bacarıq lazımdır. Biznesin əsasında pul, maliyyə dayansa belə insanın həm də iş görməyə həvəsi olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, biznes qurmaq 24 saat işləmək bacarığının olmasıdır: "Hazırda bisnesin tədrisi ilə məşğulam, tez-tez həm ölkə daxilində, həm də ölkədən xaricdə biznesmenlərlə görüşürəm. Amma indiyə kimi tənbəl, peşəsini, işini yaxşı bilməyən biznesmen görməmişəm. Təbii ki, biznes qurmaq üçün tələblər yüksəkdir. Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, biznes sahibi olmaq azad olmaq deməkdir. Çünki həmin insanlar həyatlarını öz istəklərinə uyğun şəkildə qurur və yönləndirirlər. Hazırda da ölkədə bizneslərə dəstək baxımından müxtəlif layihələr mövcuddur. Həmin layihələr sayəsində kiçik biznes sahibləri də öz işlərini genişləndirib, inkişaf edə bilərlər".