“İstər çoxmənzilli yaşayış binaları, istər fərdi yaşayış evləri, istərsə də müxtəlif təyinatlı obyektlərin tikintisi zamanı onlar layihələndirilir. Layihələr norma və standartlara uyğun olaraq tərtib olunur və icrası da mütləq şəkildə həmin norma və standartlar əsasında həyata keçirilməlidir. Fərdi yaşayış evlərinin tikintisi zamanı da əvvəlcə layihə təsdiq olunur. Bu layihədə bütün norma və standartlar, istifadə olunacaq materiallar, materialların keyfiyyəti, onların növü, inşaat prosesində istifadə olunacaq elektrik avadanlıqlarından tutmuş torpağın təyinatına qədər, tikiləcək evin mərtəbə sayı, ölçüləri, hətta Günəş şüalarının düşmə bucağı belə göstərilir. Buna görə də fərdi yaşayış evlərinin də tikintisi zamanı mütləq qaydada yalnız akkreditasiyadan keçmiş müəssisə tərəfindən layihələndirilən layihə əsasında, rəsmi icazəsi olan müəssisə tərəfindən tikilməlidir”. Bu sözləri SİA-ya təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
"Təəssüflər olsun ki, bəzən insanlar ev tikilməsi prosesini bunu bacaran qohumlara, tanışlara tapşırırlar. Həmin şəxslər də bu işi anlayışları olduqları qədərilə yerinə yetirirlər və nəticədə qeyri-peşəkar iş ortaya çıxır. Əlbəttə ki, bu cür fərdi yaşayış evinin möhkəm və dayanıqlılığından söhbət gedə bilməz. Belə proseslər, əsasən, Bakı ətrafı ərazilərdə və regionlarda baş verir. Çünki belə ərazilərdə tikinti prosesləri torpağın tərkibi nəzərə alınmadan baş verir. Çox vaxt rayonlarda evləri çay yatağının kənarında və ya sürüşmə zonasında evləri inşa edirlər”,- deyə o əlavə edib.
Ekspert bildirir ki, sadəcə evi tikib yekunlaşdırmaqla da iş bitmir: "Mütəmadi olaraq qulluq, təmir, bərpa işləri aparmaq olduqca vacibdir. Bu həm evin istifadə ömrünü artırır, həm də təhlükəsiz yaşayışı təmin edir".
Ləman Sərraf