"Bəzi tələbələr və qadın müəllimlər universitetə toy geyimində gəlirlər" -Qərənfil Dünyaminqızı etirazını bildirdi

27 Noyabr 2023 21:05 (UTC+04:00)

Son dövrlərdə bəzi tələbə və qadın müəllimlərin universitetə uyğun olmayan geyim və davranışları aktual problem halını alıb.

"Auditoriyanın bəzi qanunları var. Bu qanunlara tək tələbələr deyil, həm də müəllimlər də riayət etməlidir. Buraya xüsusən də qadın müəllimləri daxildir. Biz təhsil verməklə yanaşı, qarşımızdakılara geyim, davranış mədəniyyətimizlə, nitqimizlə əxlaq dərsi veririk. Gənclər də bizdən həm təhsil, həm də əxlaq dərsi öyrənir".

Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib.

Q.Dünyaminqızı qeyd edir ki: "Mən Bakı Dövlət Universitetinin alimi olduğum üçün öz universitetimizdən başlamaq istərdim. Biz Bakı Dövlət Universitetinin alimi olduğumuzu unutmamalıyıq. Bu danılmaz faktdır ki, bütün universitetlər Bakı Dövlət Universitetinin "şinel"indən çıxıb. Buranı alimlər elm və mərifət məbədi adlandırıb. Buraya daxil olan alim, pedoqoq, tələbə fikirləşməlidir ki, mən bu cür təhsil ocağını təmsil edirəm.

Öncə özümdən nümunə gətirim, çünki başqasını tənqid etmək çox asandır. 1998-ci ildən auditoriyaya daxil oluram. Mən hər zaman tələbələrimə nitq, geyim, ünsiyyət mədəniyyətimlə nümunə olmağa çalışıram. Əgər bunlara əməl etməsəm, tələbələrimdən xahiş edirəm ki, həmin vaxt məni auditoriyadan xaric etsinlər. Az öncə qeyd etdiyim kimi auditoriyanın auditoriya qanunları var. Müəllim auditoriyaya tələbələri öyrətmək, onları maarrifləndirmək üçün, həmçinin əxlaq və ədəb dərsi vermək üçün daxil olur. Müəllimlər bu qeyd etdiklərimə yüksək səviyyədə riayət etməlidir".

Jurnalist açıqlamasında geyim mədəniyyətindən də söz açıb: "Bəzi tələbələrlə yanaşı qadın müəllimlərimizdə universitetə toy geyimində daxil olurlar. 2006-cı ildə "Respublika gəncləri" qəzetində "Ləyaqət hissi, tale yükü" adlı məqalə ilə çıxış etmişəm. Orada da hər yerin özünə uyğun geyim mədəniyyəti olduğunu qeyd etmişəm. Dünyanın hər ölkəsində iş yerinə ciddi geyimində gedilir. Təhsil ocağına da oranın nizam-intizam, qayda-qanununa uyğun geyinərək getmək lazımdır. Hələ 2006-cı ildə bu faktları göstərmişdim".

Müsahib bəzi tələbələrin auditoriyada qanunları pozma səbəbini onların valideynlərində, xüsusilədə analarında görür: "Auditoriyada makyajdan istifadə edən, universitet geyimində dərsə gəlməyən, digər işlərlə məşğul olan bəzi qızların valideynlərində, xüsusilədə, analarında günahı görürəm. Balzak demişkən: "Qızların tərbiyəsi mühüm məsələdir, millətin gələcəyi anaların əlindədir". Doğrudanda, bu günün cavan bir qızı sabahın anasıdır. Sabah bir gənci cəmiyyət, ailə, həyat üçün yetişdirəcək. Vay o günə ki onun özünün tərbiyə- təlimə böyük ehtiyacı olsun".

Çinarə Muradova