“Bir dildən digər dillərə tərcümə sənəti qədim zamanlardan bu yana həmişə öz aktuallığını saxlayıb. Müasir dövrdə proqram tərcümələri, avtomatik tərcümə, süni intellekt tərcümələri olsa da peşəkar tərcüməçilər və orjinala oxşar səsləndirən dublyaj sənətkarlarından çox şey asılıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dublyaj sənəti yaxud məktəbi sona qədər formalaşmayıb: “İstər Sovet, istər də müstəqillik dönəmində dublyajla bağlı həmişə problemlər yaşamışıq. Dublyaj problemini həll etmək üçün əvvəllər kinoteatrlarda ayrıca bir diktor yaxud filmin ümumi tərcüməsini səsləndirən bir şəxs olardı. Amma kino sənəti və televiziya inkişaf etdikcə müxtəlif xalqların dilində yaranmış filmlərin tərcümə edilməsi və peşəkar aktyorlar tərəfindən səsləndirilməsi aktual məsələlərdən birinə çevrildi”.
Kulturoloq bildirib ki, dublyaj problemi yalnız bizdə deyil, digər xalqlarda da var: “Böyük xalqlar kiçik xalqların ədəbiyyat nümunələrini, bədii sənətə aid kino və serialları tərcümə edib orjinala yaxın bir diksiya, yaxud səslə yenidən canlandırmaqla bağlı problemlər yaşayırlar. Amma Azərbaycan kimi həm kino bazarı, həm tamaşaçısı az olan ölkələrdə bu ümumiyyətlə problemdir. Bir ara bununla bağlı çox tənqidlər etdik və dövlət səviyyəsində müəyyən addımlar atıldı. Kinoteatrlarda və Azərbaycan telekanallarında ana dilindən başqa dildə filmlər və digər video məhsullar qadağan edildi. Amma bunu kommersiya xarakterli filmlərin Azərbaycana gətirib nümayiş etdirən kinoteatr şəbəkələrinə, yaxud "Youtube"da azad nümayiş olunan audiovizual sənət nümunələrinə də şamil etmək mümkün deyil. İndi süni intellekt və proqramlar vasitəsilə yazıların səsləndirilməsi həyata keçirilir.
İnanıram ki, yaxın gələcəkdə səsli mətnlərin avtomatik tərcümə edilib istədiyimiz aktyorun səsi ilə peşəkarcasına səsləndirilməsinə şərait yaranacaq. Amma hazırda Azərbaycanda xarici dillərdə olan filmlərin dublyajı ilə bağlı böyük problemlər var. Birincisi bu çox incə bir sənətdir və kifayət qədər maddi vəsait, texniki baza, səslə işləyə bilən aktyorlar tələb edir. Film və mətn tərcüməçisi, rejissoru arasında böyük fərq var. Biri var ki, aktyor öz nitqini səsləndirir, biri də var ki, ayrı-ayrı dillərdə yaranmış, dodaq mimika tərpənişləri olan əsərləri ana dilimizdə səsləndirir. Burada sözlərin qısa və uzun olması, sait və samitlərin bir-birini izləməsi, ahəng qanunu və aktyorun üz mimikasına uyğun dodaqların və damağın işləməsi məsələləri var. Bu böyük, incə bir sənət böyük problemlər yarada bilər. Buna görə də bəzən tamaşaçılar rus, ingilis, ərəb, fars, fransız, alman, italyan və digər dillərdən istifadə edir və xaricdən çıxan filmlərin bir çoxlarını o dillərdə izləyirlər”.
A.Əbilov sonda qeyd edib ki, dublyaj sənətinin inkişafına təkan verən başqa bir amil də kinofilmlərin müəllif hüquqlarının qorunması şərtilə alınıb-satılması, rəsmi surətdə nümayiş etdirilməsi, telekanallara çıxarılmasıdır: "Bu çox önəmlidir, çünki hansısa filmi ölkədə nümayiş etdirmək üçün onun əlaqəli hüquqlarını satın almaq lazımdır. Bu da kifayət qədər böyük bir vəsait tələb edir. Üstəlik də onu tərcümə etməklə bağlı həmin filmi yaradan kinostudiya və müəlliflərin xüsusi tələbləri olur. O tələbləri də biz yerinə yetirə bilmirik, çünki bazarımız zəifdir”.