Ali təhsil alanların bir çoxu işsizlikdən şikayət edir. Bu halda sual ortaya çıxır. Təhsillə əmək bazarı arasında bağ varmı?
Mövzu ilə əlaqədar iqtisadçılar SİA-ya açıqlama verib.
"Ölkədə ali təhsillə əmək bazarı arasında əlaqə yoxdur" fikrini iddia edən iqtisadçı Natiq Cəfərli sözlərinə aydınlıq gətirib: "Dünyanın hər yerində ali təhsil müəssisələrində oxuyan tələbələri 1 və 2-ci kursdan başqa şirkətlərin nümayəndələri gəlib axtarırlar. Bəzilərinə maddi dəstək göstərirlər. Bizdə belə sistem yoxdur. Ona görə də təhsillə əmək arasında bağ yoxdur. Bizdə diplom alandan sonra işə düzəlmək kimi böyük problemlər yaranır. Təcrübə istəyirlər və yaxud da tanışlıq böyük rol oynayır. İqtisadiyyatla ali məktəb arasında bağlar qurulmalıdır".
İqtisadçı Elçin Rəşidov isə təhsillə əmək bazarı arasında əlaqənin olduğunu açıqlamasında bildirib: "Təhsillə əmək bazarı arasında əlaqə var. Bizdə orta təhsil icbari olduğundan, orta təhsil almadan icbari əmək bazarına girmək mümkün olmayacaq. Bundan başqa əmək fəaliyyəti üçün orta məktəbdə öyrədilən bilik, savadın rolu böyük olur. Ali təhsilə gəldikdə isə bəzi işlərdə ali təhsilin olması tələb kimi qoyulur. Bu kimi hallarda ali təhsil olmadıqda şəxsi işə götürmürlər. Ali təhsili olmayan işlədiyi bütün işlərdə ali təhsili olanlar gedib işləyirlər. Bunun əksi doğru deyil. Bu saydıqlarım dünyanın bütün ölkələri üçün aktualdır".
Çinarə Muradova