Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı qeyd edib ki, təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək.
“Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq”,- deyə nazir əlavə edib.
Bəs ölkədə ali təhsil alanların sayı niyə azdır? Bu say artırılacaqmı? Məsələ ilə bağlı təhsil ekspertləri SİA.az saytına açıqlama verib
Ölkədə 2022,2026-cı illər üzrə inkişaf konspensiyasına uyğun olaraq ali məktəblərdə tələbə sayının artırılması ilə bağlı ciddi addımlar atıldığını bildirən təhsil eksperti Elşən Qafarov əlavə edir ki: "2023-2024 tədris ilində əvvəlki illərə nisbətən tələbə qəbulunun sayı 25% artırılaraq 50 minə çatdırılıb. Bu sayın 2026-cı ilə qədər 70 minə çatdırılacağı gözlənilir".
Ekspert ölkənin ali təhsillə bağlı problemlərindən söz açıb: "Ölkədə ali təhsillilərin əhali sayına görə inkişaf etmiş ölkələrdən geridəyik. Bu problemi aradan qaldırmaq üçün inkişaf konspensiyasına uyğun olaraq illik tələbə qəbulunun artırılması ilə problemlər aradan qaldırılacaq. Yalnız bu il 11 mindən artıq yeni tələbə yerləri açılıb".
Müsahib deyir ki, hazırda bir sıra universitetlərin açılması üçün tədbirlər həyata keçirilir.
"Bakı Türkiyə Universiteti, Bakı İtaliya Universiteti, bununla yanaşı Qarabağ Universitetinin açılışı ilə bağlı ciddi işlər görülür. Gələcəkdə ali təhsil müəssisələrinin artırılması, eyni zamanda ölkənin əmək bazarına uyğun olaraq kadr hazırlığının məsələsi ilə bağlı addımlar atılır".
Universitetlərdə plan yerlərinin artırıldığını bildirən təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı fikirlərini bildirib: "Təhsillə əlaqədar strategiyada yaxın illərdə qəbul planının sayının 70 min artırılması nəzərdə tutulur. Bu 3-4 il əvvələ görə 2 dəfə daha artıqdır. Bu il 55-56 min tələbə qəbulu olub. Qeyd edim ki, burada dövlət sifarişi ilə yerlər, xüsusilə dəqiq elmlərlə bağlı ixtisaslar kifayət qədər artırılıb".
E.Süleymanov dövlətin tələbələrə göstərdiyi dəstəkdən söz açıb: "Təhsil kredit
fondu ilə təhsil alanlara dəstək verilir. Burada dinamika müsbətdir. Hər il daha çox yer ayrılır, universitetlərdə bəzi yerlər artırılır. Bu da təhsil strategiyası ilə əlaqəlidir. Bəzən bu cəmiyyətdə birmənalı qarşılanmır ki, tələbələr universiteti bitirib iş tapa bilməyəcək. Təhsilli cəmiyyət inkişaf edən cəmiyyətdir. Dövlətlə əlaqəli olan işlərdə müsabiqələr olur. Buraya ən yüksək dərəcədə hazırlaşanlar qəbul olur".
Çinarə Muradova