Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndələri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Ginekoloji Konfransında iştirak ediblər
23-25 noyabr 2023-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Ginekoloji Konfransı keçirilib.
3 gün davam edən "Minimal və endo-vizual ginekologiya" və "Sərhədsiz ginekologiya – VII konfrans" beynəlxalq elmi-praktik konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının mama-ginokoloqu Sədi Allahverdiyev iştirak ediblər.
Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov tədbirin rəsmi açılış hissəsində çıxış edib. Mərkəzi Gömrük Hospitalının mama-ginokoloqu Dr.Sədi Allahverdiyev konfransda təqdimatla çıxış edib. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb. Konfransın birinci günündə canlı cərrahiyyə ilə başlanan "MİPS BAKI - III Praktik Kurs"unda laparoskopik sakropeksiya əməliyyatı birbaşa akt zalına canlı bağlantı ilə həyata keçirilib. Tədbir zamanı kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar ediblər.
Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi Beynəlxalq Elmi-Praktik konfrans və MİPS kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 27 DTT balı ilə qiymətləndirilmişdir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzi tibb elminin inkişafına, xüsusən də tələbələrin inkişafına yönəlik layihələr, imkanlar yaradaraq, intellektual kadr potensialının inkişafına öz töhfəsini verməkdə davam edir.