“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - YENİLƏNİB

24 Noyabr 2023 16:27 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək Azərbaycanda yaradıcı sənayelər həftəsi (“Yaradıcı Həftə”) keçiriləcək. SİA xəbər verir ki, yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar həyata keçirilir. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Mədəniyyət Nazirliyi bu gün “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirin. Konfransda Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və Fərəh Ələkbərli (YARAT) iştirak edib.

Konfransda “Yaradıcı həftə” çərçivəsində həyata keçiriləcək layihə və tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, həftədə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birlikləri iştirak edəcək.

Bildirilib ki, “Yaradıcı həftə” çərçivəsində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi, “Yaradıcı müzakirələr” (“Creative Talks”),Musiqi Sənayesi Platforması (bu çərçivədə “Eurovision Talks”) təşkil ediləcək, “GƏL, YARAT! Yaradıcılıq üzrə Marafon, Türk Dünyası Yumor Festivalı, “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq, "Disney" studiyasının 100 illiyi qeyd olunacaq, eləcə də milli filmlərin ali məktəblərdə nümayişləri, hakatonlar, təlimlər, türk dünyasının elektronik musiqi gecəsi, moda tədbirləri, təqdimat və digər tədbirlər keçiriləcək.

“Yaradıcı həftə” paytaxtla yanaşı, bölgələri də əhatə edəcək. “Creative Talks” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.