Ali məktəblərdə korrupsiyanın qarşısını almaq üçün NƏ ETMƏLİ? - RƏYLƏR

24 Noyabr 2023 15:33 (UTC+04:00)

Bu gün ali məktəblərdəki başlıca probləmlərdən biri də korrupsiya faktlarıdır. Bəs Azərbaycan universitetlərindəki korrupsiya hallarını aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı SİA-ya danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, əvvəlcə tələbə və onun ailəsi yüksək bilik almaqda maraqlı olmalıdırlar: “Onlar qiyməti qeyri-qanuni yolla yox, ancaq bilik əsasında almağa çalışmalıdırlar. Savadsız mütəxəssis bu gün heç yerdə lazım deyil. Biliklə deyil, digər yollarla alınan diplom möhürlü kağızdan başqa bir şey deyil. Biliksiz mütəxəssisi heç bir şirkət, heç bir iş adamı işə götürmək istəməyəcək. Dövlət qulluğuna isə aşağı biliklə heç cürə qəbul edilə bilməyəcək. Birinci şərt tələbənin özünün bilik almaqda maraqlı olmasıdır”.

Millət vəkilinin sözlərinə görə universitetdaxili proseslərə ictimai nəzarət güclü olmalıdır: “İctimaiyyət bütün ali və orta ixtisas məktəblərində hansı proseslər getdiyini, uğurlar qazandığını, yeniliklər və problemlər olduğu barəsində məlumatlı olmalıdır. Bu gün biz bunu mətbuatdan, sosial şəbəkələrdən görürük. Neqativ hallarla yanaşı eyni zamanda təhsilimizdə olan uğurlar da göz qabağındadır. Gənclərimizin bilik almağa, daha savadlı olmağa çalışdıqlarını qabarıq şəkildə görürük. Bir dəfə korrupsiyada tutulan insan üçün tədris ocaqlarının qapısı bağlanmalı, həmin adam qara siyahıya salınmalı və bir daha auditoriyaya girmək hüququndan məhrum edilməlidir”.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə korrupsiya məsələsi istər dövlət, istərsə də özəl universitetlərdə hər zaman olub və hələ də davam edir: “Bunun həlli yolu ondan ibarətdir ki, vətəndaş özü ilk növbədə korrupsiyanı verməyə cəhd etməməlidir. Korrupsiyanı verməsən tələb edən də olmaz. İstisna hallarda tələb edilərsə vətəndaş qorxaq olmamalı, mübarizə aparmaq üçün aidiyyəti quruma müraciət etməlidir. Universitetlərin özünün də bu məsələ diqqətində olmalıdır. Belə hallara yol verən şəxs varsa haqqında qanunvericiliyin tələbinə uyğun tədbir görülməlidir ki, digərlərinə də örnək olsun”.