"Fırıldaqçılıq halları ilə mübarizə birbaşa vətəndaşın öz üzərinə düşür" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Noyabr 2023 12:12 (UTC+04:00)

“Texnologiyaların günü-gündən inkişaf etdiyi bir dövrdə dələduzlar da öz hücum texnikalarını təkmilləşdirirlər. Hal-hazırda geniş yayılmış dələduzluq sxemlərindən biri böyük texnologiya şirkətləri (Amazon, Google və s.) ilə əməkdaşlıq edən tərəfdaş olaraq iş təklifi ilə bağlı fırıldaqçı mesajlardır”. Bu sözləri SİA-ya açıqlamasında texnoloq Fərhad Mirəliyev deyib

Onun sözlərinə görə, belə hallarla mübarizə aparmaq birbaşa vətəndaşın öz üzərinə düşür: “Qarşı tərəf Azərbaycan dilində qrammatik və leksik normalara uyğun yazmır. Hiss olunur ki, tərcümə saytlarından istifadə edilir. Fikirlər səthi ifadə edilir və danışıq dilindən yalnız tərcümə proqramı imkan verdiyi səviyyədə istifadə edilir. “Whatsapp” hesablarından yazan fırıldaqçıların mobil operator nömrələri saxta olur, zəng ilə əlaqə saxlamaq qeyri mümkün olur. “Whatsapp” zənglərinə isə qarşı tərəf müxtəlif bəhanələr ilə cavab vermir".

Texnoloq bildirib ki, yatırım et və daha artığını götür sxemi birbaşa maliyyə piramidası olduğuna dəlalət edir, heç bir iş görmədən maliyyə vəsaiti qazanmaq özü şübhə doğurur: "Qarşı tərəf əksər hallarda botdan istifadə edir. Yəni müxtəlif suallarla qarşı tərəf sual-cavab olunarsa, həmişə eyni şablon cavablar verdiyi məlum olur".

Ləman Sərraf