Reseptlər artıq elektron formada olacaq? - YENİLİK - SORĞU

23 Noyabr 2023 15:15 (UTC+04:00)

Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də elektron reseptlə alınacaq. Elektron reseptin kağız reseptdən üstünlüyü isə ondan ibarətdir ki, vətəndaş hansı xəstəliyə qarşı hansı müalicə aldığını, hansı dərman preparatlarından istifadə etdiyini biləcək. Sistemin tətbiqindən sonra bir çox neqativ halların qarşısının alınmağı gözlənilir. Məsələn, dövlət qeydiyyatında olmayan dərmanlar bu vasitə ilə artıq yazıla bilməyəcək. Sistemin ölkə ərazisində tətbiqi yanvar ayının 1-dən nəzərdə tutulsa da gəlin görək, səhiyyə sistemimiz, xəstəxanalarımız buna hazırdırmı? SİA mövzu ilə bağlı ekspertlərin rəyini alıb.

Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü: “Vətəndaşlar tibb müəssisələrinə müraciət etdikləri zaman onların FİN koduna əsasən həkim tərəfindən elektron resept tərtib olunaraq mərkəzi uçot rejimi bazasına ötürüləcək. Daha sonra vətəndaşlar öz şəxsi kabinetlərində onlara göndərilmiş elektron reseptin nömrəsinə görə QR kod vasitəsilə və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini əczaçılıq müəssisəsinə təqdim edərək tələb olunan dərman preparatlarını əldə edə biləcəklər. Eyni zamanda aptekdə satışı həyata keçirən məhsul şəxs də sistemə daxil olaraq vətəndaşa tərtib olunmuş elektron resepti görə biləcək və həmin reseptdə yazılmış dərmanlarla vətəndaşı təmin edə biləcək".

Tibbi elmlər doktoru, professor Adil Qeybulla: “Bu şəffaflığı yaratmaq üçün lazım olan bir sistemdir. Elektron reseptlər ona görə mühüm əhəmiyyət kəsb edir ki, klinik protokola uyğun dərmanların təyin edilməsi məsələsi çox vacibdir. Biz bilirik ki, bu gün bundan sui-istifadə halları da var. Bəzən lazım olmayan dərmanların xəstələrə həddən ziyadə yazılması, ayrı-ayrı həkimlərin “mənim üsulumdur” deyərək istifadə etməsi və başqa bu kimi şeylər var. Belə hallar yolverilməzdir və klinik protokol ortada olmalıdır ki, bütün fəaliyyət buna uyğun həyata keçirilsin. Əks halda bu kağız üzərində qala bilər”.

Özləm Quliyeva