Dağıstanlı məşqçi vətənə xəyanətdə ittiham olunur...

23 Noyabr 2023 00:26 (UTC+04:00)

...Dağıstan kikboksinq komandasının keçmiş məşqçisi Əhməd Əhmədova Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb. Hazırda Əhmədov axtarışa verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq vəsiqə Rusiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Moskva Tayms” qeyd edir ki, təqsirləndirilən şəxs hələ 2017-ci ildə Ukraynaya köçüb, bundan əvvəl o, Dağıstanın Kizlyar rayonunda uşaq-gənclər idman məktəbinin direktoru olub, kikboksinq üzrə 16 dünya və Avropa çempionu yetişdirib və “Əməkdar məşqçi” adını alıb.

Ukraynaya köçdükdən sonra Əhmədov bu ölkənin kikboksinq komandasına məşqçilik etməyə başlayıb və bu idman növü üzrə milli federasiyaya rəhbərlik edib. Genişmiqyaslı müharibənin başlaması ilə təlimçi Ukraynanın "Hort" könüllü batalyonuna yazılıb.

Yeri gəlmişkən, bir sıra Ukrayna KİV-ləri etiraf edir ki, Ukrayna tərəfinə keçmiş həm könüllülər, həm də sıravi Rusiya hərbçiləri olan yüzlərlə vətəndaş artıq Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşür.

Və şiddətli döyüşlər şəraitində bu məlumatın doğruluğunu yoxlamaq mümkün deyil.

Ağasəf Babayev