“Təhsildə səyahət: Şagirdlər ilə yoldaşlıq” adlı seminar keçirilib

22 Noyabr 2023 17:40 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti, Heydər Əliyev lektorasiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Code For Future” layihəsi çərçivəsində universitet tələbələrinə Təhsildə səyahət: “Şagirdlər ilə yoldaşlıq” adlı seminar həyata keçirilib.

“Alqoritmika”nın təşkilatçılığı ilə keçirilən seminarın məqsədi təhsil sahəsində yeni texnologiyalardan istifadə edərək, şagirdlərin riyaziyyat və proqramlaşdırma sahələrində daha geniş biliklərə nail olmasını təmin etmək üçün gələcək müəllimlərin bu istiqamətdə inkişafına dəstək olmaqdır. Seminarda təlimçi-pedaqoq Fəridə Əsgərova gələcəyin müəllimlərinə pedaqoji fəaliyyətlərində şagirdlərlə münasibətin qurulması, dərs proqramının onlar tərəfindən rahat şəkildə qavranılması üçün yeni texnologiyalardan istifadə qaydaları və rəqəmsal bacarıqların genişləndirilməsi mövzusunda öz təcrübəsini bölüşüb. Daha sonra mövzu ilə bağlı seminar iştirakçılarının sualları cavablandırılıb.

Ötən günlərdə “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi təşkilatçılığı ilə “Code For Future” layihəsi çərçivəsində ADPU-da informasiya texnologiyaları sahəsində yenilikləri təşviq etmək məqsədi ilə “İnformatikada İnnovasiyal” bloq müsabiqəsi də həyata keçirilib. Müsabiqə iştirakçıları təhsil dövründə rastlaşdıqları problemlərə həlli tapmaqla bağlı bloq hazırlayıb. Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mütəmadi olaraq İT sahəsi üzrə peşəkar kadrlar dəvət olunaraq müxtəlif seminar və təlimlər təşkil edilir.

Mətləb Salahov