“Teatrın inkişafı zəhmət və maliyyə tələb edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

22 Noyabr 2023 12:10 (UTC+04:00)

“Azərbaycan mədəniyyətinin dünyada ən çox tanınan sahəsi şübhəsiz ki, Azərbaycan ədəbiyyatıdır. Dünyada Dədə Qorqud eposu, Koroğlu eposu, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Molla Pənah Vaqif kimi bir çox şəxsiyyətlərimizi tanıyırlar. Onların dünyanın müxtəlif dillərində yazması da ədəbiyyatımızın tanınmasında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, adıçəkilən şəxsiyyətlər dünya ədəbiyyatı miqyasında yazıb-yaradıblar: “Azərbaycan mədəniyyətində ən çox tanınan ikinci ünsür isə Azərbaycan dilidir. Azərbaycan dili dünyanın bir çox yerlərində öyrənilir, geniş yayılmış dildir. Azərbaycan təxminən dünyanın ən geniş yayılmış dilləri sırasında 25-ci yeri tutur.

Görkəmli rəssamlar, heykəltaraşlarımızın əsərləri də dünyada məşhurdur. Tarixən minaturlərimiz dünyada hər zaman məşhur olub. Eyni zamanda musiqi sayəsində nailiyyətlərimiz böyükdür. Məhz vitse-prezident Mehriban xanım Əliyevanın xidmətidir ki, Azərbaycan muğamı böyük şöhrət qazanıb. Xüsusilə də daha çox gənclərin bu sahəyə yönləndirilməsi mühüm addımdır. Musiqinin digər sahələrində də nailiyyətlərimiz az deyil, lakin təbliğatına ehtiyac var.

Teatr sahəsində potensialımız olduqca genişdir. Lakin teatr kollektiv sahə olduğundan daha çox zəhmət və maliyyə tələb edir. Buna görə də ortaya qoyulan yaradıcılıq işi o dərəcədə keyfiyyətli olmalıdır ki, dünyanın marağına səbəb olsun. Eyni zamanda mədəniyyətimizin bir çox sahələrinin dünyada təbliği ilə bağlı müəyyən işlər görülməlidir. Məsələn, müasir ədəbiyyatımız olduqca keyfiyyətlidir, lakin dünyada təbliği işi lazımi səviyyədə deyil. Son zamanlar Mədəniyyət Nazirliyi də Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin inkişafı və dünyada tanıdılması baxımından çox ciddi proqramlar hazırlayıb”.