"ABŞ və Fransa rəzil bir siyasət yürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ

21 Noyabr 2023 16:46 (UTC+04:00)

"Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsinin özü Amerika üçün biabırçılıqdır. Axı Azərbaycanda ümumiyyətlə “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. ABŞ siyasətçiləri ya Azərbaycanın siyasi, coğrafi xəritəsini öyrənməyiblər, ya saxta informasiyalara əsaslanırlar, yaxud da özlərini belə siyasi korluğa vururlar. İkincisi, əgər onları Qarabağın gələcəyi belə düşündürürsə, niyə 30 ildə kor olmuşdular, Azərbaycan ərazilərinin işğalda qalmasına, ermənilər tərəfindən terror yuvasına döndərilməsinə, narkoplantasiyalar məkanına çevrilməsinə səslərini çıxarmırdılar?". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa və Konstitusiyasına uyğun şəkildə 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünü, suverenliyini tam təmin edib: "İndi Qarabağda sürətli abadlıq, quruculuq işləri gedir, ermənilərin basdırdığı milyonlarla minalardan təmizlənir. Paralel olaraq Azərbaycan bütün tribunalardan bəyan edib ki, Qarabağın dinc erməni əhalisinin hüquqlarının, təhlükəsizliyinin qorunmasına tam təminat verir.

Azərbaycanın belə pozitiv davranışının qarşılığında isə ABŞ və Fransa rəzil bir siyasət yürüdür. Əlbəttə, əslində onları Qarabağın gələcəyi qətiyyən narahat etmir. Adını dəqiq bilmədikləri bölgəyə dair dinləmələr keçirməkdə məqsədləri sırf Azərbaycana qarşı təzyiqlər üçün bəhanələr formalaşdırmaqdır. İstər ABŞ, istər Fransa Cənubi Qafqazda güclü Azərbaycan görmək istəmirlər. Onlara “sözəbaxan” bölgə dövlətləri lazımdır. Bunu isə Azərbaycandan görməyəcəklər. Azərbaycan kifayət qədər güclü dövlətdir, onun kifayət qədər bacarıqlı lideri, Prezidenti var. Cənab İlham Əliyev elə 20 noyabrda İraq Prezidenti ilə görüşdə bir daha bəyan etdi ki, heç bir xarici qüvvə, dövlət Azərbaycana təzyiq göstərə bilməz. ABŞ və Fransa isə müstəqil, qüdrətli Azərbaycanı qəbul edə bilmir, çünki onlara Ermənistan kimi nə desələr “baş üstə” deyəcək marionet dövlətlər maraqlıdır. Məkrləri də buradan qaynaqlanır".

Elşad Məmmədli sözlərinə belə davam edib: "Digər bir məsələ odur ki, bu qərəzli dinləmələr ermənipərəst siyasətçilərin təşəbbüsü və erməni lobbisinin dəstəyi ilə keçirilib. Bu, həm də onların korrupsiya əlaqələrinin nəticəsidir. Başqa bir amil odur ki, 2024-cü ildə ABŞ-da seçkilər keçiriləcək, Amerika siyasətçiləri ənənəvi olaraq bundan öncə erməni lobbisinin dəstəyini qazanmaq üçün onlara müəyyən “jestlər” edir. Seçkilərdən sonra isə ABŞ yenə də öz oyunbazlıqları ilə manevrlər etməyə, Azərbaycanla əlaqələri yaxşılaşdırmağa çalışacaq. Çünki Azərbaycan həm geostrateji, həm də iqtisadi baxımdan Qərbə, Avropaya olduqca vacib ölkədir. Qalib Azərbaycanın bölgədə, dünyada yeri, çəkisi maksimuma çatacaq, bunun qarşısını almaq mümkün deyil".

Ayşən Vəli